XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 22:10

Prezidentdən pambıqçılara dəstək:“Sovet dövrünün səviyyəsinə qalxacağıq ”

pambiqi

“Pambıqçılıqda biz sovet dövrünün səviyyəsinə qalxmalıyıq və qalxacağıq”.

Strateq.az bildirir ki, bu sözləri prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bizim üçün keçmişdə ənənəvi olan sahələr indi yenidən canlanır: “Mən pambıqçılığın inkişafı ilə bağlı müvafiq göstərişlər verdim. Artıq işlər başlayıb və o cümlədən Ağsu rayonunda bu il 1000 hektardan çox sahədə pambıq əkiləcək. Bu proses başlamışdır. Sovet dövründə Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük zəhməti, səyləri nəticəsində hər il 800 min, 900 min, hətta 1 milyon ton pambıq istehsal olunurdu”.

Prezident qeyd edib ki, keçən il cəmi 35 min ton pambıq istehsal olunub. Bu il 50 min hektarda pambıq əkiləcək:

“Əkin başlayıb və biz ən azı 100 min ton məhsul gözləyirik. Yəni, keçən ildən fərqli olaraq 3 dəfə çox. Ağsu rayonunda isə Sovet dövründə 5 min hektar pambıq əkilirdi. Bu il 1000 hektardan çox əkiləcək. Əminəm ki, gələn il siz Sovet dövründəki səviyyəyə çatacaqsınız. Bu, yerli istehsal, iş yerləri deməkdir. İnsanlar yaxşı pul qazanacaqlar və biz ixracyönümlü məhsul əldə edəcəyik”.

Hazırda neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimizin azaldığını deyən prezident bunun  təbii olduğunu vurğulayıb:  “Əgər neftin qiyməti 4 dəfə düşürsə, – yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, – demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur.  Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq”.

Prezident bildirib ki, baramaçılıqla bağlı oxşar göstərişlər verilib, bu istiqamətdə də işlər gedir. “Biz daim insanları işlə təmin etmək üçün çox ciddi fəaliyyət göstərməliyik. Çünki Azərbaycanda son 12 il ərzində bir milyondan çox daimi iş yeri açılıbdır, ümumiyyətlə, təxminən 1 milyon 300 min. Ancaq əhali də artır. Əhali artdıqca iş yerlərinin açılmasına daha da ehtiyac var. Ona görə, bu, daimi proses olmalıdır. Kənd təsərrüfatı, emal sənayesi, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi – bütün bu məsələlərə biz kompleks şəkildə yanaşırıq. Ona görə Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir”.