XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2016 - 18:24

Diplomatik korpusun Ağdam və Tərtərə səfəri başa çatıb

 

 

 

sefir

 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri başa çatıb.

Səfirlər ermənilərin intensiv atəşi nəticəsində dağıdılmış fərdi və dövlət mülkiyyətində olan obyektləri görüblər. (APA)

 ABŞ səfirliyinin hərbi attaşesi, polkovnik Keys N. Felter Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulayıb: “Ümid edirəm ki, hər iki tərəf münaqişənin sülh yolu ilə həlli üçün bir yol tapacaq və biz bir daha belə səhnələri görməyəcəyik. Hər iki tərəf bu münaqişədən əziyyət çəkir. Ona görə də bunun qarşısını almaq üçün münaqişə sülh yolu ilə həllini tapmalıdır“.

 Avropa İttifaqının nümayəndəsi Toralf Pilz isə atəş altında yaşayan dinc əhalinin ərazini tərk etməməsini təəccüblə qarşılayıb. “Neçə ildir insanlar bu ərazidə təhlükə altında yaşayır. Buradan qayıtdıqdan sonra münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi sürətləndirməliyik. Yüksək rütbəli diplomatlara bu barədə məlumat verəcəyəm”, – deyə o vurğulayıb.

 Öz növbəsində Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina səfər təşəbbüsünü yüksək dəyərləndirib: “Buraları bizə göstərdiyiniz üçün minnətdaram. Çox gözəl təşəbbüs idi”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə Azərbaycan torpaqlarının işğaldan tezliklə azad edilməsinin vacibliyini vurğulayıb. “Savaşı heç kim arzulamır. İşğal altında olan torpaqlar tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində geri qaytarılmalıdır. Azərbaycanlı qardaşlarımızla birliyimizi bu cür ifadə edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm“.

 

Fransanın Azərbaycandakı səfirinin müavini Fabyen Drout-Lozinski isə açıqlama vermək istəməyib.

 Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.