XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 May 2016 - 10:15

Cəbhəboyu rayonlarda 1414 partlamamışhərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aprelin 7–dən mayın 6-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Cəlilabad, Goranboy, Ucar və Tovuz rayonlarında 434 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 5 fermaya və əkin sahələrinə baxış keçirilib. 1414 partlamamış hərbi sursat və 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Qapanlı, Yuxarı Qapanlı, Qarağacı, Qaradağlı, Əskipara, Buruc, Hacıqərvənd, Borsunlu, Köçərli, Azadqaraqoyunlu, Qaynaq kəndlərində cəmi 209 ev və həyətyanı sahədə 337 partlayış yerinə baxış keçirilib. İki kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 kənd qəbiristanlığı, 4 ferma, 7 əkin sahəsində 49 partlamamış hərbi sursat, 2 POMZ minası aşkarlanaraq zərərsizləşdirilib.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Qaraxanlı kəndlərində 29 ev və həyətyanı sahəyə, 33 partlayış yerinə baxış keçirilib. Bir partlamamış hərbi sursat aşkar olunub.

Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Çıraqlı, Mahrızlı, Əfətli, Ballar, Qaradağlı, Evoğlu, Baharlı, Yusifcanlı, Çəmənli kəndlərində, Dörd yol-1, Şəfərli qəsəbələrində və Ergi düzündə 44 ev və həyətyanı sahəyə, 77 partlayış yerinə, bir fermaya, 5 əkin sahəsinə baxış keçirilib. Altı partlamamış hərbi sursat və 6 piyada əleyhinə mina aşkar edilərək məhv edilib.

Goranboy rayonunun Tapqaraqoyunlu, Qaxdud, Yolqullar kəndlərində 135 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə, 159 partlayış yerinə baxış keçirilib. Beş partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alıxanlı, Şükürbəyli kəndlərində və Horadiz şəhərində 23 ev, 149 partlayış yerinə baxış keçirilib. 13 partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

Tovuz rayonunun Qədirli kəndində 84 ədəd partlamamış top mərmisi, Zərdab rayonunun Körpükənd kəndində bir tank əleyhinə mina, Samux rayonunun Kolayır kəndində 3 OFAB-50 aviabombası və 1137 patron, Şəmkir rayonunda 1 top mərmisi, Cəlilabad rayonunda 6 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ucar rayonunda 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 3 ədəd F1 əl qumbarası, 3 UZRQM zapalı və 1 ədəd işıqlandırıcı fişəng aşkarlanaraq götürülüb.

Bakı şəhərinin Nərimanov rayonunda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikaları ilə birlikdə keçirilən əməliyyat tədbirləri nəticəsində 102 ədəd müxtəlif çaplı mərmi aşkar olunaraq götürülüb.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.