“Telekommunikasiya və hava yolları sektorlarında islahatlar, bu sahələrdə mövcud müəssisələrin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında duran mühüm vəzifələrdəndir”.
Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbu orqanı olan “Mülkiyyət” qəzetində mərhum prezident Heydər Əiyevin doğum gününə həsr olunan məqalədə deyilir.
Qəzet qeyd edir ki, qarşıdakı illərdə iri müəssisələrin özəlləşdirilməsi tempi daha da sürətləndiriləcək. Həmçinin iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçiriləcək.
Özəlləşdirmənin başlandığı dövrdən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib. Orta və iri dövlət müəssisələrinin bazasında 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılıb və sonradan özəlləşdirilib.
Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu müəssisələrə 550 mln. ABŞ dolları məbləğində investisiya qoyulub.
Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 600 mln. manat daxil olub.