XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 20:37

İsveçdəki səfirimiz “Eurovision”dakıerməni təxribatından danışdı

Mayın 10-da “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında iştirak edən Ermənistan təmsilçisi İveta Muçukyan “Eurovision”nun qaydalarını pozaraq separatçı Dağlıq Qarabağ rejiminin “bayrağı”nı nümayiş etdirməklə mahnı müsabiqəsini siyasi şouya çevirməyə cəhd edib.

Bu fikir Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədovun Skandinaviyanın ən böyük xəbər agentliyi olan TT-yə ünvanlandığı məktubda yer alıb. Məktubda deyilir ki, İveta Muçukyanın bu addımı beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, mahnı müsabiqəsinin xoşməramlı imicinə də böyük zərbə vurub. Ermənistanın “Eurovision”dakı təmsilçisinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı qaldırmasının özü-özlüyündə Ermənistan Respublikasının işğalçı təfəkkürünün və işğalçılıq siyasətinin məntiqi nəticəsi olduğu vurğulanan məktubda bu hadisə ciddi şəkildə pislənilib.

Dağlıq Qarabağ regionunun Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi olduğunu və bu ərazinin Azərbaycanın daha 7 rayonu ilə birlikdə (17000 kvadratkilometr, Azərbaycan ərazisinin 20 faizi) 1993-cü ildə Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunduğu və bir milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün halına düşdüyü, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus bütün maddi-mədəni abidələrin erməni işğalçıları tərəfindən yer üzündən silindiyi diqqətə çatdırılıb.

Münaqişənin hüquqi aspektlərinə toxunulan məktubda vurğulanıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 822, 835, 874, 884 nömrəli qətnamələr qəbul olunub və onların hər birində Ermənistan hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması birmənalı şəkildə tələb edilib.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədovun ünvanlandığı məktuba əsasən İsveçin ən böyük nəşrlərindən biri olan “Svenska Dagbladet” gündəlik qəzeti “Ermənistan dalğalanan bayrağa görə cəzalandırılıb” başlıqlı məqalə yayıb.

Məqalədə səfir Adış Məmmədovun sözləri sitat gətirilərək bildirilib ki, dostluğu və mehriban birgəyaşayışı təbliğ edən “Eurovision” mahnı müsabiqəsinin siyası şouların, xüsusilə də işğalçı bir dövlətin siyasi təbliğatının həyata keçirildiyi bir yerə çevrilməsinə yol verilməməlidir. Bu səpkidə Avropa Yayım Birliyinin Ermənistana qarşı sərt reaksiyasını alqışlayan səfir bu cür davranışın tədbirin imicinə xələl gətirməsini qeyd edib.

Məqalədə, habelə bildirilir ki, erməni tərəfinin bir daha belə bir halı təkrarlaması bu ölkənin mahnı yarışmasından kənarlaşdırılmasına gətirib çıxara bilər.

Mayın 10-da baş verən qanun pozuntusu ilə bağlı qərar cari ilin iyun ayında “Eurovision” mahnı yarışmasının ən yüksək qərar orqanının iclasında qəbul olunacaq(azərtac).