XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 11:32

Yel çərşənbəsi

Varlığın dörd ünsürdən – od, su, hava və torpaqdan yaranması ən əski inanclardandır. Klassik aşıq poeziyamızda – vücudnamələrdə rast gəldiyimiz “abi, atəş, xaki, baddan cəm olduq” – düşüncəsi də bu inancdan qaynaqlanır. Bir sıra Doğu xalqları kimi hər il keçirdiyimiz Bahar bayramı öncəsi qeyd olunan çərşənbələrin adı da məhz bu dörd ünsürün adı ilə bağlıdır. Həmin çərşənbələr bunlardır:

1.Su çərşənbəsi. İlk çərşənbədə buz bağlayan sular əriməyə, damla-damla toplanıb çaylara tökülməyə başlayır. Torpaq yavaş-yavaş nəmlənməyə başlayır. Bu çərşənbədə qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

2.Od çərşənbəsi. Bu çərşənbədə Günəş torpağı isitməyə başlayır. İsinən torpaq yavaş-yavaş əkin-biçinə hazırlanır. Od çərşənbəsində tonqallar qalayar və tonqalın üzərindən atılardılar. Bu çərşənbədə ailə üzvlərinin sayı qədər şam yandırardılar.

3.Yel çərşənbəsi. Bu çərşənbədə buzu əriməyə başlamış və Günəşin yavaş-yavaş isindirdiyi torpağı yel oyatmağa başlar.

4.Torpaq çərşənbəsi. Yelin oyatmağa başladığı torpaq, bu çərşənbədə əkin üçün hazır olar, ilk əkin işləri bu çərşənbədə aparılar. Bu çərşənbədə səməni göyərtmək üçün buğda isladarlar.

Ancaq bu bölgü ilə razılaşmayan folklorşünaslarımız da var. Bəzi folklorşünaslarımzıın dediyinə görə bu adlar son yüz ildə meydana çıxmışdır. El arasında çərşənbələrin ən geniş yayılmış adları bunlar olmuşdur:

1. Yalançı çərşənbə

2. Xəbərçi çərşənbə

3. ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur)

4. İlaxır çərşənbə

Bu yazıda haqqında qısaca danışdığım çərşənbələrdən biri – Yel çərşənbəsi və ya ölü çərşənbəsi haqqında söz açacağam.

Bu çərşənbənin Yel çərşənbəsi adlanması ilə razılaşmayan tədqiqatçı Güllü Yoloğlu yazır:

“üçüncü çərşənbəyə Qara çərşənbə, Qara Bayram (ölü çərşənbəsi) deyilir. A.Nəbiyev bu çərşənbəyə yanlış olaraq yel çərşənbəsi deyərək təxminən avqust ayında, biçindən sonra xırmanda taxılın sovrulması üçün lazım olan küləyi, yeli çağırmaq məqsədilə oxunan ovsun xarakterli sözləri də buraya aid edir:

Yelli babam,
Yel babam.
Telli babam,
Tel babam.

Elim, günüm batdı, gəl,
çarpələngim yatdı, gəl.
Təknədə qaldı aşım,
Yatdı dəgirman daşım…

Məlumdur ki, Günəşlə yağışı çağırmaqdan fərqli olaraq yel çağırma mərasimi yayda biçin biçilib dərzlər yığılıb güntutan, yeltutan yerdəki xırmana yayıldığı vaxt icra olunurdu. Bu örnəklərdə görürük ki, Yel baba gəlmədiyindən, yəni külək əsmədiyindən dəyirmanın çərpələngi də, daşı da yatıb. A.Nəbiyevin yel çərşənbəsi adlandırdığı üçüncü çərşənbədə dəyirmanla bağlı nə ola bilər? Soyuq qış günləri ambarlar, çuvallar, taxçalar, boxçalar boşalıb. Burada isə dəyirmanın işləməsinin Yel babadan asılı olduğunu görürük. Yel olsa, taxıl sovrularaq təmizlənər, çuvallara doldurulub dəyirmana un üyütməyə aparılar”. (G.Yoloğlu, “Mövsüm mərasimləri”, Bakı-2009)

Yel əski türklərin inancında qutsal anlayış olub. Yel çətin məqamlarda insanlara yardım edən qutsal ruhun, bəzən də küləyi, qasırğanı, tufanı idarə edən ruhun (mələyin) ismi sayılıb. “Yel baba”!-deyib çağrdıqları da bu idi. Xalq arasında “Yel baba” ilə bağlı inanclar bu gün də yaşamaqdadır;

“Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər”

Yaxud;

“Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər” və sair. Bundan başqa Azərbaycanda və digər qonşu ölkələrdə “Yel baba ocağı”, “Yel piri”, “Yel baba türbəsi” və digər bu kimi xalqın sayğı duyduğu, vaxtaşırı ziyarət etdiyi məkanların yel adı ilə bağlı olması yelin əski insanların anlayışında qutsal varlığı ifadə etməsinin göstəricisidir.

Yel çərşənbəsi və ya ölü çərşənbə Azərbaycanın bir çox yerlərində qəbirlərin ziyarət olunduğu gündür. Bu çərşənbədə insanlar xonça hazırlar, xonçaya müxtəlif bişmələr və meyvələr düzüb məzarlığa gedərlər. Apardıqları xonçaları məzarların üzərinə qoyarlar. Məzarların üzərinə qoyulan bişmələri və meyvələri əsasən yaxınlıqda yaşayan uşaqlar götürər. Bunu qabaqcadan bilən ziyarətçilər xonça hazırlarkən daha çox uşaqları nəzərə alarlar.

Bu axşam hamı evində evində qazan asmağa, xörək bişirməyə çalışar. İnsanlar Yel çərşənbəsi gecəsi ölülərinin də onları ziyarət edəcəyinə inanır və dünyasını dəyişənlərin ruhunu şad etməyə çalışardı. El arasında bayram təmizliyinə əsasən bu çərşənbədə başlarlar. Bu gün yorğan-döşək və xalça-palaz hava dəymək üçün çölə atılar, evlər təmizlənər, döşəmələr yuyular, pəncərə və qapılar təmizlənər və boyanardı.

Digər çərşənbələrdə olduğu kimi insanlar bu çərşənbədə də bir yerdə olmağa çalışar, gecə evlərdə bütün ailə birlikdə şam edər, süfrəyə mümkün qədər müxtəlif şirniyyatlar qoyular. Ailə birlikdə və mehriban olarsa Yel babanın onlara bolluq, sağlamlıq və xoşbəxtlik gətirəcəyinə inanardılar.

Yel çərşənbəniz qutlu olsun!

Namiq Hacıheydərli