Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən vakant 100 ştat vahidi üzrə cari ildə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu mayın 31-dək davam etdiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə iyunun 12-də saat 14:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.
Müsabiqəyə buraxılmış namizədlər iyunun 8-10-da saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
Namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasından, “Normativ hüquqi aktlar haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” qanunlardan, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki-Prosessual, Əmək məcəllələrindən istifadə olunub. Sualların hazırlanmasında, digər normativ hüquqi aktlardan, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlardan da istifadə edilib.
Prokurorluğa işə qəbulla bağlı Baş Prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 492-06-82, 492-63-62, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsilə müvafiq məlumat əldə etmək mümkündür.