XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 20:19

1453 partlamamış hərbi sursat, 17 mina, 2 POMZ-2…- ANAMA hesabat yaydı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 23-də 6 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 10 partlayış yerinə baxış keçirilib. Baxış zamanı iki partlamamış hərbi sursat (1 qrad raketinin mühərrik hissəsi və 122 millimetrlik partlamamış OF-56 top mərmisi) aşkar olunub. Gün ərzində 21 min 190 kvadratmetr ərazi minalardan təmizlənib.

Bu barədə ANAMA-nın mayın 23-də Füzuli, Ağcabədi, Ağdam, Goranboy və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar barədə yaydığı hesabatında qeyd edilir.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Cəmilli kəndində 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib. Bir qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 9 min 500 kvadratmetr ərazi yoxlanılıb. Əskipara kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, yoxlanılan ərazi 4 min kvadratmetr təşkil edib.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Bir partlamamış 122 millimetrlik OF-56 top mərmisi aşkarlanıb və 5 min kvadratmetr ərazi yoxlanılıb.

Ağcabədi rayonunun Hacılar, Ağdam rayonunun Qaradağlı, Füzuli rayonunun Şükürbəyli kəndlərində evlərə və həyətyanı sahələrə, partlayış yerlərinə baxış zamanı partlamamış hərbi sursat aşkarlanmayıb, 2690 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən mayın 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 14 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1453 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.