XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2016 - 21:43

Füzuli, Ağcabədi və Tərtər minalardan təmizlənir- ANAMA hesabat yaydı

Mayın 27-də 3 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 23 partlayış yerinə baxış keçirilib. Dörd partlamamış hərbi sursat (3 qrad raketinin mühərrik hissəsi və 122 millimetrlik 1 top mərmisi) aşkar olunaraq götürülüb. Gün ərzində 41 min 175 kvadratmetr ərazi minalardan təmizlənib.

Bu barədə ANAMA-nın mayın 27-də Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar barədə yaydığı hesabatında qeyd edilir.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib. İki qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. 7 min 500 kvadratmetr ərazi yoxlanılıb. Şıxarx kəndində 2 ev və həyətyanı sahədə 11 partlayış yerinə baxış zamanı bir qrad raketinin mühərrik hissəsi aşkarlanıb. Yoxlanılan ərazi 18 min kvadratmetr təşkil edib.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilən zaman bir partlamamış 122 millimetrlik top mərmisi aşkar edilib. 15 min kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində iki əkin sahəsində 2 partlayış yerinə baxış olub, 675 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən mayın 27-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 531 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 14 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1464 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.