XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 19:08

Ramil Usubov Təhlükəsizlik Şurasınınkatibini qəbul etdi

ramil-usubov

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, qonaqları səmimi salamlayan nazir ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb və bu səfərin əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini ifadə edib.

Daha sonra Ramil Usubov DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət barədə qısa məlumat verib. Qeyd olunub ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında görülən qətiyyətli tədbirlərlə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti tam nəzarətə götürülüb. Nəticədə xarici sərmayənin ölkəmizə axını üçün münbit şərait yaradılıb.

İki ölkənin daxili işlər orqanları arasında birbaşa əlaqələr qurulmasının vacibliyini vurğulayan nazir, bu məqsədlə "Təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb, rəhbərlik etdiyi qurumun ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

O da qeyd olunub ki, Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində əsas tərəfdaşlardan biridir və antiterror koalisiyasının üzvü kimi bu ölkədə təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir.

Daxili işlər naziri problemlərə toxunarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkürünü bildirən Mohammad Xanif Atmar Azərbaycan Prezidenti İlham Əliyevin İslam ölkələri birliyindəki rolunu xüsusi vurğulayıb, respublikamızda daxili sabitliyin qorunmasında əldə olunmuş uğurları təqdir edib.

Əfqanıstan İslam Respublikasının hər zaman Azərbaycanla həmrəyliyə sadiq qalacağını deyən Təhlükəsizlik Şurasının katibi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yalnız regional və qlobal əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü bildirib. Eyni zamanda, adıçəkilən Saziş layihəsinin imzalanması üçün müvafiq tapşırıq veriləcəyi qeyd olunub.

Görüşdə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili iştirak edib.