XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 03:26

Hüquq müdafiəçiləri əfv üçün müraciət hazırlayır

 Hüquq müdafiəçiləri əfv üçün müraciət hazırlayır

Hüquq müdafiəçiləri Avropa Oyunları müddətində əfv istəyirlər…

Sonuncu ümidsiz əfv fərmanından sonra hüquq müdafiəçiləri növbəti əfvlə bağlı ümidverici açıqlamalar versələr də, nəticə ürəkaçan deyil. Nə 28 may, nə də 15 iyun ərəfəsində gözlənildiyinin əksinə olaraq, əfv fərmanı verilmədi. Əksər hüquq müdafiəçiləri əfv fərmanının verilməməsindən narahatdırlar.

Həmçinin onlar siyasi məhbusların da azadlıq siyahısında olduğu əfv üçün çalışırlar. Hüquq müdafiəçiləri Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində əfv verilməsi üçün müraciət hazırlayırlar.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu məsələ ilə bağlı bildirib ki, əfv verilməməsi hüquq müdafiəçilərinin narahatlıq və məyusluğuna səbəb olub: “Daha ümidverici açıqlama verməyə halım qalmayıb. Gözləyirik. Biz də əfv olacağına ümid edirik. İndi Avropa Oyunları olduğuna görə, düşünürük ki, bundan sonra əfv verilə bilər. İndi baş qarışıqdır. Baxaq görək… Biz öz işimizin hamısını etmişik. Bundan sonra ediləcək iş ancaq prezident İlham Əliyevin səlahiyyətindədir”. O qeyd edib ki, Əfv Komissiyasına göndərdikləri siyahıda bütün siyasi məhbusların adı var.
Hüquq müdafiəçisi Arzu Abdullayeva isə qeyd edib ki, əfvlə bağlı nikbin deyil: “Hələ ki bilmirəm nə zaman fərman verilə bilər. Biz İşçi Qrupa daxil olan hüquq müdafiəçiləri yığışıb müzakirə aparmışıq. Dövlət başçısına əfvlə bağlı təcili müraciət etmək istəyirik. İstəyirik ki, bu oyunlar ərəfəsində, ölkədə bu cür ab-hava olan zamanda əfv olsun. Heç olmasa, cəmiyyətdə əlavə müsbət bir əhval-ruhiyyə əmələ gəlsin. Artıq hüquq müdafiəçiləri bunu müzakirə etmişik və müraciət hazırlayırıq”.
Qeyd edək ki, İşçi Qrupa daxil olan hüquq müdafiəçilərindən Sahib Məmmədovun siyasi məhbuslarla bağlı yanaşması bugünlərdə ciddi müzakirə doğurub. Belə ki, onun adı Avropa Oyunlarına dəstək verən 77 təşkilatın sırasındadır. Bəyanat verənlər isə siyasi məhbusları cinayətkar hesab etdiklərini vurğulayıblar. Sahib Məmmədovun bu cür fikirlərin əksini tapdığı bəyanata imza atması həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Novella Cəfəroğlunun sözlərinə görə, dedikləri S.Məmmədovun öz fikridir və İşçi Qrupunun mövqeyini əks etdirmir: “Bu, Sahib Məmmədovun öz fikridir. Ancaq o, siyasi məhbusları çox gözəl də müdafiə edir. Orada o cür deməyinə baxmayın. Həmişə çıxış edəndə deyir ki, onlar bizim həmkarlarımızdır və azadlığa buraxılmalıdırlar”.
Arzu Abdullayeva isə qeyd edib ki, S.Məmmədovun dedikləri ilə razı deyil və hüquq müdafiəçisinin bu cür fikir səsləndirməsi, yumşaq şəkildə desək, arzuolunan deyil: “Sahib Məmmədovun axır zamanlar məntiqini başa düşə bilmirəm. Bu insanda elə bil daxili etiraz hissi məntiqi üstələyir. çox məsələlərdə Sahibin çox yaxşı rəyi olur, ağıllı araşdırmaları olur. Hərdən belə dirənir. çox qəribə bir nəticəyə gəlir”.
Sahib Məmmədov özü isə bildirib ki, bu qədər kənardan edilən təzyiqlərdən sonra əfvlə bağlı durum çox çətin olacaq: “Bu boyda kənardan edilən təzyiqdən sonra çətin olacaq. Şəxsi qənaətim budur ki, Avropadakı bəzi QHT-lərin proyektləri çətin boşa getsın. Söhbət sizin gözlədiyiniz adamlardan gedirsə, yüz milyonlarla qrant alıblar. Tərəflərə də sərf edir ki, məhbuslar içəridə qalsın, onlar yenə də pullar alsınlar. Düşünürəm ki, təzyiqlər effektsizdir. Daxili dialoq mexanizmini tənqid edənlər beynəlxalq təzyiqin bir qara qəpiyə dəymədiyi barədə bir şey demirlər. Mən nəinki beynəlxalq təzyiqi faydasız, hətta zərərli hesab edirəm. çünki bu, daxili dialoqa qarşı bir zərbədir əslində”.
Onun sözlərinə görə, əfv verilməməsi barədə konkret fikir bildirə bilməz: “Əfvi prezident nə zaman imzalasa, o zaman veriləcək. Biz ehtimallar irəli sürə bilərik. Əfv prezidentə aid olan müstəsna səlahiyyətdir deyə, bizim nəsə deməyimizin xeyri yoxdur”.
O, şəxsinə qarşı yönələn ittihamlara da münasibət bildirib: “Tənqidlər boş şeylərdir. Əvvəla, biz həmin bəyanatın hazırlanmasında iştirak etmişik. Konkret təklifim də belə olub: Barəsində məhkəmənin qüvvəyə minmiş hökmü olan şəxslər… Hüquqi nöqteyi-nəzərdən yanaşanda, həmin adam cinayətdə təqsirli sayılır. Qanun hüquqi qüvvəyə minibsə, şəxs cinayətdə təqsirlidir. Bu, mənə irad tutanların söz güləşdirməsidir. Mən bəyanata imza atmaqla düz etmişəm. Dövlətini sevən hər bir şəxs belə də deməli idi. Onu deyim ki, beynəlxalq ajiotaj əslində o insanlara görə narahatlıqdan irəli gəlmir. Təzyiq davam edərsə, nəsə gözləməyə dəyməz”.