XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 15:48

Magistraturaya qəbul imtahanınınvaxtı açıqlandı

TQDK

İyunun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

TQDK-dan bildiriblər ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılacaq.

İmtahan saat 13.00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini; bakalavrın imtahana buraxılış vərəqəsini. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9 min 61 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8 min 142 nəfəri Azərbaycan bölməsi, 919 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3 min 299 nəfərini oğlanlar, 5 min 762 nəfərini qızlar təşkil edir. 32 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.