XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 13:37

Xaricdə təhsil üzrə Dövlət Proqramı başa çatdı:3558 tələbədən 1294 - ü vətənə qayıdıb

xaricde tehsil

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə tələbələrin seçimi başa çatıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. (Report)

2015-2016-cı tədris ili üzrə müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.

Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti və digər belə yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alır.

Qeyd edək ki, indiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1294 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır.

Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsil alanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.