XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 10:07

Yaşlıların təhsili məsələsi ictimaiyyətin müzakirəsinə çıxarılır

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Yaşlıların təhsilinə ictimai dəstəyin təşkili məqsədi ilə sorğu və seminarların təşkil edilməsi” layihəsi çərçivəsində bu gün növbəti tədbir keçirilib. Layihənin məqsəd və vəzifələri barədə məlumat verən İB-nin sədri Mütəllim Rəhimli bildirib ki, “1963-cü ildə Avropa Regional Bürosunun Ukraynada keçirilən iclasında qəbul olunan qərara əsasən, 60-74 yaş intervalında olan insanlar ahıl yaş qrupuna aid olunur. 75-89 yaş qrunda olanlar qoca, yaşı 90-dan çoх olan insanlar isə uzunömürlülər hesab olunur. Azərbaycanda da bu yanaşmalar tətbiq edilməkdədir. Nəzərə alsaq ki, Respublikamızda pensiya yaşı qadınlar arasında 60, kişilər arasında isə 63 yaş kimi qəbul edilib. Bu isə o deməkdir ki, qüvvədə olan qanunvericilik pensiya yaşına çatan şəxsləri avtomatik olaraq dövlət qulluğunda və digər bir sıra vəzifələrdə, o cümlədən dövlət səhiyyə və təhsil sistemində işləməyi qadağan edir. Beləliklə, cəmiyyətimizdə hər il çoxsaylı işsizlər və təcrid olunmuş insanlar ordusu yaranır. Onlar bundan sonra ya adaptasiya olunaraq özəl şirkətlərdə çalışırlar ya da cəmiyyətdən təcrid olunaraq tənha həyat sürməyə məcbur olurlar. Yaşlıların adaptasiya prosesinə həm də onların təhsil sisteminə cəlb edilməməsi, yeni biliklərə yiyələnməməsi səbəb olur”.

Ekspert çingiz Dadaşov isə çıxışında deyib ki, dünyada qəbul edilmiş fikrə əsasən hər il bilik və bacarıqların 20-30%-i və hər 5-8 il ərzində isə tam peşələr köhnəlir, onda yaşlıların təhsili mövzusu inkişaf yolunu seçmiş Azərbaycan üçün nə qədər aktual olduğu aydın görünər. “Hazırda Azərbaycanda əhalinin 17 faizini ali təhsillilər təşkil edir. Əhalisinin sayına görə Azərbaycana yaxın olan Avstriya, Belarus, İsveçdir. Ali təhsilli Avstriya vətəndaşları ölkə əhalisinin ümumi sayının 9 faizini təşkil edirlər. Belarusda əhalinin ali təhsilli kəsimi 19 faizə çatır, bu isə postsovet ölkələri üçün normal göstəricidir. Son məlumatlara görə, İsveçdə vətəndaşların 21 faizi ali təhsillidir” – deyərək o fikrini yekunlaşdırıb.

Tədbirdə yaşlı nəslin təhsili ilə bağlı iştirakçılara təlimçi Səxavət Mustafayev geniş bilgilər verdi. O dedi ki, “islahatlar çərçivəsində həyata keçirilən təhsil yeniləşmələrinin ən mühüm tələblərindən biri yaşlıların təhsili, yəni ömür boyu təhsil probleminə daha ciddi və çevik yanaşma təhsili, o cümlədən ixtisasartırma təhsilinin nailiyyətlərinin qiymətləndirilməsində müasir tələblərə cavab verən yeni mexanizmlər yaradılmasının tələbində israrlıdır. İnsanın aldığı təhsil 3-5 ildən sonra onun yeniləşməsini tələb edir. Bu tələbə gənc müəllim, istərsə də yaşlı praktik əməli fəaliyyəti ilə cavab verməyi öyrənməlidir”.

“Yaşlıların təhsili insanı dəyişdirmir, başqalaşdırmır, sadəcə olaraq onun kim olmasını, nəyə qadir olduğunu, onun keçmiş təcrübəsinə istinad edərək, şüurlu münasibətlə yanaşaraq, onun müasir dünyanı, fəlsəfi münasibətini dərk etməyə, insanlığa, insana xidmət etmək üçün öz bacarıq və tələbatlarına münasibətin formlaşmasına kömək etməkdir” – deyə S.Mustafayev bildirib.

Bundan sonra tədbir iştirakçıları Azərbaycanda yaşlıların təhsili ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər. Qeyd edilib ki, bu məsələnin köklü həlli üçün “Yaşlıların təhsili haqqında” qanunun qəbul edilməsinə ehtiyac var. Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.