Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2014-cü ildən bu yana ilk dəfə olaraq əcnəbi radiostansiyaya müsahibə verib.
Strateq.az bildirir ki, BBC-yə verdiyi müsahibədə Yanukoviç Ukraynada baş verənlər barədə danışıb.
O, Krımın Rusiyaya birləşdirilməsini “faciə”adlandırıb və qeyd edib ki, əgər prezident olsaydı bu baş verməyəcəkdi. Krımın Ukraynaya qaytarılmasının real olmadığını bildirən eks prezident artıq orada referendumla xalqın iradəsinin müəyyən olunduğunu deyib. “Bu Maydanın törətdiyi nəticədir. Radikal millətçi hərəkat Krımın əhalisini qorxutdu. Krım əhalisi həmişə ənənəvi olaraq rusmeyilli olub”-deyə Yanukoviç bildirib.
Donbasda baş verənləri “soyqırım” adlandıran Yanukoviç Maydan hadisələrinə görə müəyyən məsuliyyət daşıdığını etiraf edib. “Mən heç vaxt insanlara atəş açılması barədə əmr verməmişəm. Qan tökülməsinin qarşısını almağa var-gücümlə çalışmışam”-deyə o, vurğulayıb.
Eks-prezident deyib ki, Putin onun həyatını xilas edib. “23 fevral 2014-cü ildə Putin öz xüsusi xidməti ilə məsləhətləşərək qərar qəbul etdi”-deyən Yanukoviç qeyd edib ki, bununla bağlı Putin onunla danışmayıb.
Eks-prezident vaxtının çoxunu Rostovda keçirdiyini və daima mühafizə altında olduğunu açıqlayıb.
X. SƏFƏRLİ