XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 17:17

“Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyası” cildi hazırlanır –Alimlər Naxçıvanda toplandı

naxcivan-1

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi  işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent  Məhərrəm Həsənov AMEA Naxçıvan bölməsində iki müəssisənin birgə hazırladığı “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci – “Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyası” cildinin hazırlanması vəziyyətini birgə müzakirə etmək üçün Naxçıvan şəhərində ezamiyyətdə olublar.

Bu barədə sözügedən institutdan Strateq.az-a verilən məlumata görə, yeni cildin hazırlanmasıyla bağlı AMEA-nın Naxçıvan bölməsində dəyirmi masa keçirilib.

Yığıncaqda Coğrafiya İnstitutu tərəfindən akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və c.ü.f.d. Məhərrəm Həsənov, Naxçıvan tərəfdən isə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun direktoru, akademik Tarıyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh  Məhərrəmov,  NDU-nun coğrafiya kafedrasının müdiri, c.ü.f.d. Nazim Bababəyli və digər əməkdaşlar iştirak ediblər.

Müzakirədə çıxış edən akademik İ.Hacıyev tərtib olunan ikicildlik Naxçıvan coğrafiyasının Muxtar Respublika üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək, onun hazırlanmasında Naxçıvan elmi ictimaiyyətilə bərabər, Ali hakimiyyət orqanlarının da  maraqlı olduqlarını və bu işə hər cür dəstək olmağa hazır olduqlarını diqqətə çatdırıb.

İ.Hacıyev uzun illər ərzində Naxçıvanda belə bir monoqrafiyanın yaranması üçün elmi bünövrə yaradıldığını və  ona görə də məhz Coğrafiya İnstitutunun təşəbbüsü ilə belə bir əsərin hazırlanmasının  çox təqdirəlayiq hal olduğunu xüsusi qeyd edib.

Akademik R.Məmmədov monoqrafiyanın hazırlanması üçün elmi-təşkilatı işlərin vəziyyəti, istifadə olunan materialların yeniləşdirilməsi, Naxçıvan alimləri ilə birgə əməkdaşlıq və s. haqqında məlumat vermiş və göstərmişdir ki, bu işləri yüksək səviyyədə başa çatdırmaq üçün birgə səyləri daha da artırmaq lazımdır. O öz çıxışında qeyd edib ki, elmi-tədqiqat işlərinin daha səmərəli və yüksək səviyyədə olması üçün AMEA Coğrafiya İnstitutunun müvafiq əməkdaşlarının MR-ya ezam olunması, buradan mütəxəssislər və əlaqədar təşkilatla birgə işləməsi daha effektiv olardı. Bu fikir də hər iki tərəfdən dəstəkləndi və tezliklə bir qrup işçinin Naxçıvan MR-ə ezam olunması qərara alınıb.

Monoqrafiyanın hazırkı vəziyyəti, bölmələr üzrə aparılan işlər haqqında danışan AMEA-nın müxbir üzvü E.Əlizadə Naxçıvanın oroqrafiyası, geologiyası, relyefi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, ekoloji problemləri və fiziki rayonlaşdırılması bölmələrinin hər birini  ayrı-ayrılıqda təhlil edərək işin gedişi  haqqında məlumat verdi. O  bildirdi ki, monoqrafiya ilkin vəziyyətdə əsasən başa çatsa da, görüləsi işlər hələ çoxdur, müəlliflər ilkin variant  üzərində işləməli və iş üzərində ümumi nəzarət həyata keçirilməlidir.

Dosent M.Həsənov Naxçıvanın iqliminin 60-cı illərdən sonra ilk dəfə olaraq yeni məlumatlar əsasında işləndiyini qeyd edərək, bildirib ki, hal-hazırda təqdim olunan bütün materiallar ən yeni məlumatlara əsaslanaraq Naxçıvan iqliminin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. O qeyd edib ki, burada klassik iqlim şəraiti ilə yanaşı Naxçıvan MR-in alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, MR iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapıb.

Dəyirmi masada akademik T.Talıbov və AMEA-nın müxbir üzvü S.Məhərrəmov da çıxış edərək öz bölmələrinin hazırkı vəziyyəti haqqında məlumat vermiş və bu mühüm tədbirin çox böyük məsuliyyətlə yerinə yetilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda akademiklər  Ramiz Məmmədov və İsmayıl Hacıyev yekun çıxışlarında gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlər haqqında danışıb və onların yerinə yetirilməsi üçün konkret yol xəritəsinin hazırlanmasının vacibliyini vurğulayıblar.