XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 18:45

25 min nəfərlik şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını…- Silahlı Qüvvələrin hərbi təlimi başa çatdı

zakir-xususi-teyinatlilar

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində idarəetmə orqanları, birlik, birləşmə, həmçinin hərbi hissələrin cəlb olunduğu operativ-taktiki təlimlərin iyunun 22-də döyüş atışlı mərhələsi keçirilib. Təlimlərdə əsas məqsəd birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.

Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-a yaxın hərbi aviasiya, 30-dan çox hava hücumundan müdafiə sistemləri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

Əvvəlcə müdafiə naziri Zakir Həsənov komanda məntəqəsində olub, birlik, birləşmə, hərbi hissə komandirlərinə, eləcə də qərargah rəislərinə təlimin ssenarisinə uyğun göstəriləcək fəaliyyətlərlə bağlı tapşırıqlar verib və məruzələri dinləyib.

Daha sonra döyüş atışlı taktiki fəaliyyətlər mərhələsi başlayıb. Təlimə uyğun olaraq siqnal minaları ilə şərti düşmənin və Azərbaycan silahlı bölmələrinin ön xətti nümayiş etdirilib. Təlimdə hücum əməliyyatının qərarına uyğun olaraq, hücumun atəş hazırlığı üç atəş basqını üzrə planlaşdırılıb. Birinci atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən artilleriya divizionları, ağır odsaçan sistemlər batareyası və digər artilleriya divizionları və batareyaları iştirak edib. İkinci atəş basqını ordu və cəbhə aviasiyasının vasitəsilə yerinə yetirilib və burada Silahlı Qüvvələrin hücum təyyarələri, qırıcı və döyüş helikopterləri iştirak edib. Üçüncü atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən və reaktiv artilleriya divizionları təlimlərə qoşulub.

Hücumun atəş hazırlığı başa çatdıqdan sonra bölük taktiki qrupları üç istiqamətdə müdafiəni yararaq, şərti düşmənin dayaq məntəqələrini ələ keçirib. Bu qruplar dərinlikdə qurulmuş tank əleyhinə xəndəklərin və torpaq bəndlərin arxasında atəş mövqeyi tutaraq, bu maneələrdən keçidlər açan mühəndis texnikasını öz atəşləri ilə himayə edib, həmçinin ikinci eşelon bölüklərinin döyüşə yeridilməsinə şərait yaradıb. Təlimin növbəti mərhələsində düşmənin mina sahələrindən keçidlərin açılması müşahidə olunub. Təlimdə helikopterlər vasitəsilə dağ aşırımlarına taktiki desant qruplarının endirilməsi icra edilib və bu, döyüş helikopterləri ilə dəstəklənib. Təlimin son mərhələsində canlı qüvvənin və hərbi texnikanın hərəkəti, eləcə də mövqeyinin dəyişdirilməsi izlənilib, helikopterlərlə təxliyə həyata keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla, əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir. Nazir deyib: “Baş Qərargah qarşısında qoyulan vəzifəyə uyğun olaraq təlimlər maksimal döyüş şəraitinə uyğun keçirildi. Topçular, tankçılar, piyada döyüş maşınları və pilotlar əlaqəli şəkildə işləyərək bütün hədəfləri dəqiqliklə vurdular, qarşıya qoyulan vəzifəni yüksək səviyyədə icra etdilər. Bununla belə, təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanıldı və bunlar daha dərindən təhlil ediləcək”.

Sonda təlimdə fərqlənən bir sıra hərbi qulluqçular mükafatlandırılıb.