Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirakla bağlı hələ ki yekun qərar verməyib.
Qurumun mətbuat xidmətinin rəhbəri Mikael Andreasyan açıqlamasında bildirib ki, bununla bağlı müzakirələr gedir. Həmçinin o qeyd edib ki, sifariş ərizəsini göndərməyə tələsmirlər: "Hər şey yekun qərardan asılı olacaq. Biz iyulun 30-dək iştirakımızı təsdiqləyə bilərik. Ola bilsin, bu gün də qərar verilsin".
Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan isə bir müddət öncə Bakıya gəlib-gəlməyəcəklərinin şahmatçıların son durumundan asılı olacağını vurğulayıb.
Maraqlıdır, görəsən, erməni şahmatçılarının Ümumdünya Şahmat Olimpiadasında iştirak etməsi üçün ölkəmizə gəlməsində hansısa problem varmı?
Bununla bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov aznews.az-a açıqlama verib.
Bildirib ki, sifariş ərizələrinin qəbulu davam edir: "Kimin qatılıb-qatılmayacağını sənədlərin qəbulu bitdikdən sonra deyə bilərik. O ki qaldı ermənilərin iştirak edib-etməməsinə, bu barədə biz tərəfdən nə problem ola bilər ki? Bu FİDE (Beynəlxalq Şahmat Federasiyası) tərəfindən təşkil olunmuş yarışdır. Ərizələrlə sonda iştirak edəcək ölkələr bilinir".
Qeyd edək ki, Azərbaycan sentyabrın 1-14-də paytaxtımızda keçiriləcək Olimpiadada ermənilərin təhlükəsizliyi ilə bağlı təminat verib.