XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 08:27

İŞİD revanş əməliyyatlarına başladı

Şimali Suriya kürdlərinin Tel-Abyad qəsəbəsini ələ keçirməsiylə İŞİD-in bölgədəki əsgəri nüfuzu xeyli sarsılmışdı. Olduqca qısa müddət ərzində reallaşan bu məğlubiyyəti ört-basdır etmək istəyən İŞİD əslində qəsəbəni özləri taktiki səbəblərdən tərk etdiklərini bildirirdilər. Strateji önəmə sahib Tel-Abyadın hansısa səbəbi anlaşılmaz hərbi taktikaya qurban verilməsi inandırıcı görünmədiyindən İŞİD qüvvələri sarsılan etibarlarını yenidən bərpa etmək savaşına girməyə məcbur oldular.

Şimali Suriyadan gələn xəbərlərə görə, dünən “xilafət” əsgərləri strateji baxımdan daha önəmli məntəqələrə hücuma keçiblər. İlk hücum xəbəri Kobanidən gəlib. Bildirildiyinə görə, dünən gecə saatlarında Kobaniyə hücum edən İŞİD şəhər ətrafında bir neçə kəndi ələ keçirib. Həmin kəndlərdə qətliamlar törədilib. Sadəcə bir kənddə 50-dən artıq sakinin öldürüldüyü deyilir. Yaralılar və didərgin düşənlər də az deyil. Türkiyənin Suruc rayonunun icra başçısı sərhəddə çox sayda yaralının gətirildiyini bildirib. Onun sözlərinə görə, yüzlərlə insan da döyüşdən qaçıb Türkiyə sərhəddinə sığınıb.

Kəndləri ələ keçirdikdən sonra iki bomba yüklü maşın partladaraq Kobaniyə hücuma keçən İŞİD-çilərlə PYG üzvləri arasında gərgin döyüşlər gedib. London mərkəzli müşahidə qrupu “Suriya İnsan Hüquqları Gözləm Evi” təşkilatının bildirdiyinə görə, İŞİD-in demək olar ki, bütün hərbi əməliyyatlarının ilk addımı sayılan bombalı maşın partlayışından sonra şəhərə girən qüvvələr Kobaninin mərkəzinə qədər irəliləyiblər. Şəhər mərkəzindəki döyüşlərdən sonra küçələrdə çox sayda cəsədlərin olduğu gələn məlumatlar arasındadır.

Maraqıdır ki, “xilafətçilər” bu əməliyyatı YPG-nin hərbi uniforması ilə keçiriblər. Onların rahatlıqla rayon mərkəzinə qədər irəliləməsinin başlıca səbəbi bununla izah edilir.

İŞİD-çilərin bu əməliyyatda istifadə etdikləri hiyləgər taktikalarından biri də Türkiyəni şübhə altında qoymaq olub. Məlum olduğu kimi, qardaş ölkənin İŞİD-ə dəstək verməsi haqqında mübahisəli qənaətlər mövcuddur. İŞİD də bu qənaətləri qüvvətləndirmək, Ankara- PYD arasında onsuz da var olan qarşılıqlı inamsızlığı artırmaq üçün hücuma Türkiyə sərhəddinə yaxın ərazidən başlayıb. Beləcə, ilk əvvəl silahlıların qardaş ölkədən keçdikləri gümanlunub. Sonra ortaya çıxan dəlillər və görüntülər həmin dezinformasiyanı təkzib edib. Məlum olub ki, “xilafət”çilər Kobaninin qonşuluğundakı Cərablusdan gəliblər. Bu faktı həm Türkiyə tərəfi, həm də PYD-nin sədri Hafiz Müslüm etiraf edib.

İŞİD-çilərin hücum etdiyi digər bir şəhər Həsəkə olub. Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, ölkənin şimal-qərbində yerləşən şəhərə də eyni qaydada hücum edən İŞİD qüvvələri burada YPG və Suriya ordusunun əsgərləriylə üz-üzə gəliblər. Hücum zamanı Suriya ordusundan 30, YPG-dən isə 20 nəfər öldürülüb. Bildirilir ki, şəhərin iki məhəlləsi hələ də İŞİD-çilərin əlindədir və bu məhəllələr uğrunda ağır döyüşlər gedir.

Kobanidən çəkilmiş videonu təqdim edirik:

KOBANİ'DEKİ PATLAMA ANI KAMERADA – YouTube

Heydər Oğuz

Strateq.az