İlham Zəkiyev: “İlham Əliyevdən xahiş etdim ki…”

“Avropa Oyunlarında iki missiyanı yerinə yetirməli idim. İlk növbədə əsas vəzifəm Bakı Olimpiya stadionunda məşəli alovlandırmaq və qızıl medal qazanmaq idi”.
Bunu AzVision.az-a açıqlamasında ötən gün I Avropa Oyunlarında qızıl medal qazanan paracüdoçu İlham Zəkiyev deyib.
Qızıl medalçımız bildirib ki, hər iki missiyasının öhdəsindən gələ bilib: “Bu qələbəm Ordu Gününə təsadüf edirdi. Fürsətdən istifadə edərək təltif etmə mərasimində ali baş komandan, cənab prezident İlham Əliyevi bu gün münasibətilə təbrik etdim və bildirdim ki, cənab prezident, ali baş komandan əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirib. Belə ki, qızıl medalı qazandım. Daha sonra cənab prezidentdən xahiş etdim ki, kürsüyə qalxsın.
Bu oyunların təşkilatçılığı və keçirilməsi yüksək səviyyəyə layiq idi. Buna görə cənab prezidentə borcluyuq”.
I Avropa Oyunlarının qızıl medalçısı qələbəsini ali baş komandan və Azərbaycan xalqına həsr etdiyini vurğulayıb.
Qeyd edək ki, İlham Zəkiyev buna qədər 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu olub. O, Əməkdar idman ustası, “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif edilib.