Litvada rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 2-də bir sıra görüşlər keçirib.
Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Litva Hərbi Məktəbini ziyarət edən nazir Zakir Həsənov orada hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.
Məlumata görə, general-polkovnik Z.Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub. Nazirə burada mərkəzin təyinatı, məqəsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.
Müdafiə naziri Azərbaycanın NATO-nun aktiv tərəfdaşlarından biri olduğunu, Litva Silahlı Qüvvələrində həyata keçirilən islahatların təcrübə baxımdan əhəmiyyətini, beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatizmə qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.