Milli Məclisin sədr müavini Bahar Muradova musavat.com saytına müsahibə verib.
Strateq.az müsahibəni oxuculara təqdim edir:
– Bahar xanım, Azərbaycanla beynəlxalq təşkilatların münasibətlərindəki konfrantasiya mühiti hara qədər davam edə bilər? Bu gərginliklərin hakimiyyət dəyişikliklərinə aparıb çıxaracağı barədə iddiaların əsası varmı? Hakim partiyanın təmsilçisi olaraq baş verənlərin məntiqi sonunu necə görürsünüz?
– İstənilən iqtidar üçün, istənilən hakimiyyətdə olan siyasi qüvvələr üçün onu seçən vətəndaşlar, seçicilər, onun təmsil etdiyi, xalqın ona olan münasibəti əsasdır. Əlbəttə, beynəlxalq aləmdəki, ölkə ətrafındakı mövcud durum, ona münasibət, rəsmi siyasətə olan münasibət də az əhəmiyyətli deyil. Bunu vurğulamaqla yanaşı əsas həlledici məqamın seçicilərin münasibətinin olduğunu qeyd etməliyik. Ona görə də kimlərsə Avropa Parlamentində və yaxud Avropa Şurasında məhdud sayda insanların – Azərbaycan əleyhinə danışanların sayı bir çox hallarda heç 30-35 nəfəri də keçmir – deməsilə Azərbaycanda hakimiyyət dəyişikliyinin olub-olmaması ilə bağlı konkret fikir yürütmək olmaz. Bu, ümumilikdə Azərbaycanı istəməyən – yəni söhbət Azərbaycan hakimiyyətinə rəhbərlik edən şəxslərdən, ölkə iqtidarından getmir – dairələrin daim burada arzuladıqları bir mühiti görmək istədiklərindən səsləndirdikləri fikirlərdir.
Qəti şəkildə əminəm ki, hansı iqtidarın hakimiyyətdə nə qədər təmsil olunacağı barədə qərarı yalnız Azərbaycan xalqı verəcək. Ona görə də bu məsələlər ətrafında geniş diskussiyalar açmağa ehtiyac görmürəm və bu cür yanaşmalar cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan xalqının mövqeyi də yalnız seçkilərdə bilinir. Yaşayaq, seçkilərdə bu mövqeyi bir daha görəcəyik. Beynəlxalq təşkilatlarla Azərbaycanın konfrantasiya mövqeyində olması ilə bağlı isə vurğulamaq istəyirəm ki, bu, təşkilatlarla Azərbaycan arasında münasibət deyil. Bu münasibət təşkilatlarda özünə kök salmaq istəyən, bu təşkilatların tribunasından öz məqsədlərini reallaşdırmaq istəyən və məqsədlərinin yoluna maneə kimi gördükləri ölkələri qaralamaq istəyən qruplara aid ola bilər. Bu münasibət də ortadadır. Onlar da öz sözünü deyir, biz də. Azərbaycan bütün bu beynəlxalq təşkilatlarda üzvlüyü özü könüllü şəkildə qəbul edib və heç kəsi razı salmaq, heç kimin istəyinə uyğunlaşmaq məqsədi güdmür.
Bu, Azərbaycanın tutduğu strateji yola xidmət edən taktiki addımlardır və biz də bu addımlarımızı atırıq, bu təşkilatlarla əməkdaşlığımız davam edəcək. Əməkdaşlıqlar prosesində də hər cürə fikirlər, mövqelər ola bilər. Burada müsbət məqamlar olduqda eyforiyaya uymaq, mənfi məqamlar olduqda ruhdan düşmək düzgün deyil, siyasət elə bu, deməkdir.
– Parlament seçkiləri ilə bağlı yayılan son xəbər budur ki, YAP 70 deputatın adını namizədlər siyahısına salmayıb. Siz siyahının formalaşdırılması prosesində iştirak edirsinizmi və ümumiyyətlə, bu barədə xəbərlər doğrudurmu?
– Vallah, bəzi dairələr ictimaiyyətə elə məlumatları yeritməyi çalışır ki, o sahə ilə, o işlə məşğul olan insanlar onu oxuyanda, eşidəndə təəccüblənirlər. Ona görə də mən gündəlik mətbuata diqqət yetirəndə və bir çox xəbərlərlə rastlaşanda təəccüb edirəm. Keçirdiyim hiss-həyəcan təəccübdən o yana keçmir. Seçkilərə hələ bir az qalır. Hansı dairədən kimin namizəd olacağı ilə bağlı əlbəttə, bütün siyasi partiyalar iş aparır. Aparılan təhlillərin nə ilə nəticələnəcəyi isə yalnız həmin partiyaların verdiyi qərar zamanı açıqlanır. Ona görə də hansısa siyahı, kimin harada olub-olmaması ilə bağlı söylənən fikirlər indi yalnız ehtimaldan başqa bir şey deyil. Ehtimalları isə mən şərh etməzdim. Mənim hansısa şərhim sizi maraqlandırırsa, YAP-ın namizədlərlə bağlı siyahısı çap olunandan sonra danışarıq.
– Hər halda, siz illərdir parlamentin sədarət kürsüsündə əyləşirsiniz, həmkarlarınızın fəaliyyətini də müşayiət edirsiniz. Şəxsi fikrinizi soruşuram, nə qədər deputat yenidən mandat qazanmağı haqq edib?
– Burda dəyərləndirmələr müxtəlif kriteriyalardan müxtəlif cür ola bilər. Onların heç də hamısı həqiqət olmaya bilər, yaxud subyektivliyin də müəyyən rol oynaması istisna deyil. Ona görə də mən heç zaman belə dəyərləndirmələri etmirəm. Hər kəsin özündə müəyyən fikirlər var və mən fikirləri daha çox lazım olduğu məqamlarda səsləndirməyə üstünlük verən adamam. Mənim fikrim mənim fikrimdir, onu ümumi dövriyyəyə buraxmağın tərəfdarı deyiləm. Mən mövqeyimi yalnız partiya prosedurları səviyyəsində müzakirə olunan zaman söyləyirəm. Ondan qalan vaxtlar biz yalnız partiya qərarlarını yerinə yetirən insanlarıq.
– İddialar var ki, Qərbin müəyyən dairələri müxalifətin müəyyən sayda mandat qazanmasını təmin etmək, onların nəticələrinin hakimiyyət tərəfindən tanınmasına nail olmaq istəyir. Hakimiyyətə bununla bağlı müraciətlər olmasından məlumatlısınızmı və müxalifətin şansını necə dəyərləndirirsiniz?
– Şansı dəyərləndirmə kriteriyası seçkidir. Hər kəs özünün şansını qabaqcadan proqnoz olaraq dəyərləndirə, yaxud seçkinin subyekti olacaq insanlarla bağlı kənar dəyərləndirmələr də ola bilər. Bu, yalnız seçki günü seçicilərin münasibətilə təsdiqini tapır. İndi xarici dairələr nə istəyir, müxalifət nümayəndələri necə təmsil olunacaq, seçicilər bunu necə dəyərləndirəcək, bununla bağlı ehtimalları irəli sürməyin tərəfdarı deyiləm. İndi hazırda seçkiyə hazırlığın müəyyən mərhələsidir. Bu mərhələnin işləri ilə məşğul olmaq lazımdır. Təhlilçilər də müəyyən fikirlər söyləyə bilər. Amma biz seçicinin subyekti olacaq bir qurumun nümayəndəsiyik, məsələyə tamamilə başqa kriteriya ilə yanaşırıq. Əgər hər zaman keçirilən seçkilərin nəticələrindən çıxış etsək və bu gün Azərbaycandakı siyasi qüvvələr nisbətini, gücünü, imkanlarını, sosial dayaqlarını nəzərə alsaq, ümumi şəkildə onu vurğulamaq olar ki, müxalifət dairəsinə mənsub olan insanlar yenə də məhdud sayda təmsil oluna bilər. Bunu da seçicilərin münasibətini nəzərə alaraq deyirəm. çünki hər kəsi imkanlarına görə dəyərləndirmək lazımdır. Dediyim odur ki, YAP bu seçkilərdə yenə üstünlüyü qoruyub-saxlayacaq və biz bunun üçün çalışırıq.
– Belə çıxır ki, müxalifətin gözləntilərinə baxmayaraq, seçki qanunvericiliyində hər hansı dəyişikliklərin olması real deyil…
– Seçki qanunvericiliyində konkret olaraq hansısa siyasi qüvvəni, siyasi partiyanı nəzərdə tutaraq dəyişiklik etmək mümkün deyil, mən də bunu mümkünsüz hesab edirəm. Seçki qanunvericiliyi onun bütün subyektləri üçün bərabər imkanlar müəyyənləşdirir. Bu bərabər imkanları, bərabər şəraiti kim necə dəyərləndirəcəksə, bu, artıq onun özünə aid olan məsələdir. Biz hansısa siyasi qüvvəyə hesablanmış dəyişiklikləri qanunvericilikdə edə bilmərik, etmirik və etmək də düzgün deyil. Ona görə də hansısa belə dəyişiklikləri, konkret qrup şəxslərin uğuruna
hesablanmış dəyişikliyi heç kəs bizdən gözləməsin. Biz YAP olaraq siyasi partiyalar üçün yaradılacaq bərabər şəraitin dəyişilməsinə imkan vermərik, ona görə ki, biz heç özümüzə qarşı da belə bir üstün şəraitin yaradılmasını istəmirik. Biz bərabər rəqabət mühitində imkanlarımızı ortaya qoyuruq. Bunu dəyişmək lazım deyil, bu, bizim nailiyyətimizdir, bu şəraiti qoruyub-saxlamaq lazımdır. Hər kəs imkanlarını, sosial dayaqlarını artırmağı düşünsün, qanunu öz xeyrinə dəyişdirməyə çalışmasın.
– Avropa Oyunlarında beynəlxalq aləmdən gələn sərt təpkilər onu göstərdi ki, qarşıdakı siyasi kampaniyalar dövründə, payızdakı parlament seçkilərində də təzyiqlər artan tendensiya üzrə gedəcək, seçkilərə xüsusi diqqət olacaq. Bu mənada təzyiqlərdən qaçmaq üçün hakimiyyət nələri planlaşdırır?
– Biz parlament və prezident seçkilərinin kifayət qədər diqqət tələb edən bir kampaniya olduğunu dərk edirik, qəbul edirik və bu diqqətin də olmasını istəyirik. Odur ki, biz ATƏT və Avropa Şurası Parlament assambleyalarına bu seçkiləri izləmək üçün müşahidəçi göndərmək barədə müraciət etmişik. Nə qədər böyük diqqət olacaqsa, o qədər aydın olacaq ki, kim hansı imkana malikdir və kim hansı nəticələri əldə edə bilər. Diqqətin olması bizi narahat etmir. Narahatedici məqamlarla bağlı isə fikrimizi hər zaman açıqlayırıq. Əgər bu prosesin özü, qanunvericilik, seçki kampaniyasının sonrakı mərhələləri və seçki nəticələri ilə bağlı qeyri-obyektiv, həqiqəti əks etdirməyən, bu və ya digər siyasi konyukturaya xidmət edən fikirlər olacaqsa, biz bununla bağlı həqiqəti söyləyəcəyik. Yox, əgər obyektiv dəyərləndirəcəklərsə, buna görə təşəkkür edəcəyik və kiminsə rəyinə, mövqeyinə uyğunlaşmağa, kimisə razı salmağa çalışmayacağıq. Ən əsası odur ki, Azərbaycan vətəndaşları bu seçkinin keçirilməsində hansısa siyasi qüvvəyə üstünlük verilməsinin şahidi olmasınlar, hər hansı siyasi partiya özü üçün üstün mövqe və şəraitin yaradılmasını tələb etməsin və buna da gedilməsin, kampaniya qanunun bütün tələblərinə, hər hərfinə, nöqtə-vergülünə əməl olunmaqla getsin. Belə olduğu təqdirdə yalnız güclülər qalib gələcək.
– Yəni deyirsiniz hakimiyyət daxilində seçilməmək qorxusu olanların narahatlığı, etirazları müşahidə olunmur? Söhbət dəfələrlə mandat qazananlar, yaşı yuxarı olanlar, rektor, biznesmenlərdən gedir…
– Mən kiminsə hansısa narahatlığının olması ehtimalını bölüşə bilərəm. çünki hər kəs öz imkanlarını dəyərləndirərək narahat olmalıdır. üstəlik də seçki belədir ki, burada tam rahat olmaq düzgün olmaz. Biz başqalarının rəyindən asılı olan adamlarıq. Onlar gəlməlidir, bülletenə konkret şəxsin adını yazmalıdır, qutuya atmalıdır. İndi ora kimin adı yazılacaq, əlbəttə, bu, iştirakçıları narahat etməlidir. Onlar öz adının qeydinə qalaraq daha çox işləməli, seçicilərlə ünsiyyətdə olmalıdırlar, problemlərinə yardımçı, diqqətcil olmalıdırlar və öz işlərini məhz bütün bunları nəzərə alaraq qurmalıdırlar. Bu baxımdan narahatlıq hər kəsdə var. Amma kiminsə seçilməməsindən narahatlığı var və o, bunu hansısa amillərə bağlayır, şəxsən mən bunun şahidi olmamışam. Şəxsən mənim gündəlik görüşdüyüm, ünsiyyətdə olduğum millət vəkillərindən hansısa seçilib-seçilməyəcəkləri ilə bağlı narahatlığını bölüşməyib və belə bir şeylər eşitməmişəm.
– Əminliklə bu seçki bir başqa seçki olacaq, demokratikliyi, əksəriyyətin etimadını qazanan seçki kimi tarixə düşəcək demək olarmı?
– Mən əminliklə və qətiyyətlə onu vurğulaya bilərəm ki, bu seçkinin Azərbaycan seçki qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun olması üçün hər kəs maksimum çalışacaq. Təbiidir ki, seçkilər belə də keçəcək. Ona görə də mən bunun hansısa məqamlarının əvvəlcədən şübhə altına alınmasını qəbul etmirəm. Hər kəs, bütün iştirakçılar, hətta müşahidəçilərin belə öz işini qanun çərçivəsində quracaqlarına əminəm. Amma bunu kim necə dəyərləndirəcək, bu, onların öz işidir…