XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 12:06

Səməd Seyidov: “…Başağrısı olacaq”

semed sey.jpg

“Ermənistan təkcə Robert Valteri deyil, Sərsəng su anbarı ilə bağlı Avropa Şurasının təyin etdiyi məruzəçi Militsa Markoviçi də öz ərazisinə buraxmır”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Robert Valterin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasına münasibət bildirərkən deyib. O, dəfələrlə AŞPA-nın məsələyə ciddi yanaşması üçün bu quruma müraciət etdiklərini bildirib: “AŞ rəhbərliyi qurumun özü tərəfindən təyin etdiyi məruzəçiləri müvafiq şəraitlə təmin etməlidir. Ancaq təəssüf ki, erməni tərəfi buna məhəl qoymur. Məsuliyyətdən qaçmaq, bu məsələləri ört-basdır etmək üçün sonuncu sessiyada Ermənistan nümayəndə heyətinin rəhbəri bəyan etdi ki, onlar Volterlə bağlı məsələni araşdırır, Sərsəng su anbarı ilə əlaqədar məsələyə isə baxırlar. Birinin üstündən 1 il, digərinin üstündən 1,5 il keçib. Birinə baxırlar, digərini isə araşdırırlar. Aydındır ki, bu, sadəcə vaxt uzatmaq üçün bəhanədir. Məni erməni tərəfinin mövqeyi heç cür təəccübləndirmir. Bunu biz dəfələrlə görmüşük. Eyni addımları biz atsaq və hansısa məruzəçinin Azərbaycana gəlməsinə yol verməsək, Avropa Şurası rəhbərliyi bəyanatı bəyanat arxasınca verər. Hanı bu bəyanatlar? Bu, onu göstərir ki, hazırkı AŞ rəhbərliyi obyektiv mövqedə dayanmır. Onlar çox ciddi şəkildə bu məsələyə müdaxilə etməli, bəyanatlar verməli, Ermənistana təzyiq göstərməlidir”.

S. Seyidov Dağlıq Qarabağa gedə bilməyən Robert Valterin Azərbaycan ərazisindən keçərək işğal altındakı ərazilərə getməsinin mümkünlüyünə də toxunub. Onun sözlərinə görə, məruzəçinin Azərbaycanın nəzarətində olan ərazidən keçərək Dağlıq Qarabağa getməsi Azərbaycan üçün heç bir problem yaratmır: “Amma təəssüf ki, ermənilər oralarda minalar yerləşdiriblər və Dağlıq Qarabağı “idarə edən” şəxslər Ermənistanın dediyi ilə oturub-dururlar. Onlar heç cür imkan yaratmır ki, kimsə Azərbaycanın idarə etdiyi ərazidən Dağlıq Qarabağa keçsin. Başqa bir variant isə Ermənistandan keçməkdir. Onu Ermənistana buraxmırlar. Ermənistanın bu prosesi ləngitməsi, əngəl yaratmasında qeyri-adi heç nə görmürəm. Onlar cinayət törədiblər və cinayəti ört-basdır etmək üçün heç kimi ora buraxmaq, əraziləri göstərmək istəmirlər. Amma məni təşkilatın özü maraqlandırır. Onlar məruzəçilərin fəaliyyətinə əngəl yaradılması məsələsinə öz münasibətlərini bildirməlidir. Amma onların susması, bu məsələyə göz yumması xoşagəlməz məsələdir. Münasibət dəyişməlidir. Dəyişməsə, qurumun öz taleyinə, gələcəyinə böyük problemlər yaradacaq, başağrısı olacaq”.