Artıq 27 ildir davam edən Qarabağ münaqişəsinə və erməni təbliğat maşınının “miatsum” sərsəmləməsinə baxmayaraq Azərbaycanı tərk etmiş ermənilər bu ölkəni, orada keçən illərini hələ də unutmurlar. O illəri əzab dolu nostalji hisslər içində xatırladıqlarını deyirlər.
Yaradıcılıqla məşğul olan keçmiş Bakı erməniləri isə bu xatirələrin onları daha çox əzdiyini bildirir.
Onlardan biri də Marat Məlik-Paşayandır. Bu keçmiş bakılı erməni hazırda Rusiyanın Krasnodar vilayətində yaşayır. Oradakı “Qafqaz şansonu”nun məşhur ifaçısıdır. Heç bir erməni toyu və ya məclisi onsuz keçmir. Rusiyalı tamaşaçılar da Məlik-Paşayanı çox sevir.
Marat Məlik-Paşayan virtualaz.org saytının suallarını cavablandırıb.
-Mahnılarınızın çoxunun mövzusu Bakı ilə bağlıdır. Səbəb nədir? Aydın məsələdir, “Uşaqlıq şəhəri” və “Vətən” mahnıları biz bakılıları çox təsirləndirir, amma sizin tamaşaçılarınız rusiyalılardır axı…
– Necə yəni nə ilə? Bakı mənim dünyaya göz açdığım, çox sevdiyim və indiyədək də minnətdarlıq hissi ilə xatırladığım şəhərdir. Kim nə deyir desin, Bakı, Azərbaycan mənim vətənimdir. Mən 1974-cü il, mart ayının 5-də anadan olmuşam.
Əvvəllər “Kubinka” adlanan məhəllədə, Korqanov küçəsində yaşayırdıq, sonra isə 9-cu mikrorayona köçdük, orada 16 il yaşadıq. 1990-cı ildə məlum hadisələrə görə Ermənistana, sonra isə Rusiyaya köçdük. Amma harada olmağımdan asılı olmayaraq Bakı haqda xoş xatirələr daim qəlbimdədir.
– İrəvanda yerli əhali ilə dil tapa bilmədiniz, yoxsa nə?
– Necə deyim. Başa düşürsünüz, gözəl və böyük Bakıdan sonra Ermənistanın ucqarlarında yaşamaq çətin idi. Bakı həyatı özünü göstərirdi. Ona görə də oradan köçdük. Əvvəlcə Moskvaya, sonra isə Krasnodara getdik.
– Nə vaxtdan musiqi ilə məşğul olmağa başlamısan?
– Uşaqlıqdan. Hələ Bakıda musiqi məktəbinə gedirdim.
– Siz özünüz musiqi və söz yazırsınız?
– çox vaxt hə, özüm yazıram. Bəzən də musiqiçi dostlarımın köməyindən istifadə edirəm.
– Keçmiş azərbaycanlı sinif yoldaşlarınızla, qonşularınızla əlaqəniz varmı?
– Əlbəttə. Biz müntəzəm olaraq zəngləşirik, ünsiyyət qururuq, ötən illəri birgə xatırlayırıq.
– Bəs Bakı haqda mahnılarınıza bakılı ermənilər necə münasibət bəsləyir? Dinləyirlərmi?
– Müxtəlif cür yanaşanlar olur. Kimisi doğma şəhərə dair xəyallara dalır, kimisi də qəhərlənib ağlayır. Neçə illər keçib, amma onlar hələ də Bakını unutmurlar. Axı Bakını necə unutmaq olar?
– Uşaqlığınızın şəhərinə qayıtmaq istərdinizmi?
– Əlbəttə! Bakının necə dəyişdiyini heç olmasa bircə anlığa da olsa görmək, uşaqlıq və gənclik illərimin keçdiyi o küçələrdə bird aha gəzmək istərdim. Sonda onu da deyim ki, mən Azərbaycan və Ermənistan siyasətçilərinin razılığa gələcəyinə, xalqlarımıza və evlərimizə sülhün qayıdacağına inanmaq istəyirəm.