XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 08:34

Fazil Mustafa rusiyalı məmurlara uduzmaqlarından DANIŞDI

“Rusiyalı deputat və nazirlərdən ibarət yığma komandanın qalib gəlməsinin əsas səbəbi onların bu sahədə təcrübəli olmaları ilə bağlıdır”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Fazil Mustafa azərbaycanlı deputat və nazirlərin rusiyalı həmkarlarına futbol matçında məğlub olmalarını şərh edərkən deyib. O qeyd edib ki, rusiyalı deputat və nazirlər bu tərkibdə 5 il hər həftə məşq edirlər.

“Onlar eyni zamanda bir sıra matçlara bu tərkibdə çıxırlar, yoldaşlıq oyunlarında bir yerdə oynayırlar. Və onlar kimin harada oynayacağını, kimdən top alacağını yaxşı bilirdi. Bizdə isə kimin harada oynayacağı praktikası yox idi”.

F.Mustafa məhz bu səbəbdən daha sistemsiz oynadıqlarını və rusiyalı həmkarları ilə mübarizədə daha zəif olduqlarını vurğulayıb.

“Diqqət etsək, görərsiniz ki, orada 4 qolu Rusiya yığma komandasından Piryakov vurub. Oyun onun üzərində qurulmuşdu və onun formada olması bizim üçün problem yaradırdı. Mərkəz hücumcu olmasam da, orada oynamalı oldum. Mərkəz xətdə top qəbul edib, vurma imkanlarım fərqli idi və düşünürəm ki, məhz bu pozisiyada daha fayda verə bilərdim. Həm də bu heyətlə oynamağımız birinci dəfə idi. Ona görə də hər birimiz kimdən nə zaman top alacağımızı bilmirdik. Bunun üçün vərdiş olmalıdır”.

Deputat hesab edir ki, əgər bu heyət davamlı olaraq hər həftə futbol oynasa, yaxşı komanda formalaşdırmaq olar.

“Toplardan birini Şahin Dinyev, digərini isə Milli Məclisdən İlkin Müşfiqov vurub. Hər halda revanş söhbəti var ki, Rusiyada oyun təkrar olunsun”.

Qeyd edək ki, iyulun 4-də Bakıdakı “Dalğa Plaza” arenasınfa baş tutan oyunda Azərbaycan məmurları və deputatlardan ibarət komanda rusiyalı həmkarları ilə yoldaşlıq oyununda uduzublar – 2:6.

Azərbaycan komandasında Baş nazirin müavini Yaqub Eyyubov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, millət vəkilləri Fazil Mustafa, Adil Əliyev və digər rəsmi şəxslər çıxış ediblər.