İyulun 6-da KİV-də yayılmış məlumata əsasən, İran İslam Respublikasının Təbriz şəhərində yerləşən “Cahannamə” mehmanxanasında bir şəxsin asılmış vəziyyətdə tapıldığı və həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu bildirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, nazirliyin təlimatı əsasında Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu İranın aidiyyəti orqanları ilə əlaqə saxlayıb və bu şəxsin 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həşimov Ədalət Həsən oğlu olduğu bildirilib.
Hazırda baş konsulluq Təbriz şəhərinə gəlmiş mərhumun yaxın qohumlarına lazımı dəstək və konsulluq yardımı göstərərək cəsədə baxışın keçirilməsi, eləcə də mərhumun cənazəsinin mümkün olan ən qısa müddətdə Azərbaycan Respublikasına göndərilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.