XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2015 - 10:42

KARL MARKSIN VƏFATINDAN 132 İL ÖTÜR

KOMMUNIST PARTİYASINDA KARL MARKSIN ANIM TƏDBİRİ KEçİRİLIB

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu gün Karl Marksın xatirəsini anım günü münasibətilə tədbir keçirib. Strateq.az xəbər verir ki, tədbirdə ictimaiyyətin sosializm ideyalarına sadiq olan nümayəndələri iştirak edib. Toplantı iştirakçıları əvvəlcə Karl Marksın partiyanın qərargahındakı iri portreti önünə gül-çiçək dəstələri qoymaqla onun xatirəsini ehtiramla yad etdilər. Xatırladaq ki, elmi kommunizmin banisi və beynəlxalq proletariatın rəhbəri sayılan Karl Marksın vəfatı məhz bu günə təsadüf edir. O, 132 il öncə – 14 mart 1883-cü ildə dünyasını dəyişib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov “Karl Marks və Azərbaycanda inqilabi hərəkat” mövzusundakı çıxışında bildirdi ki, K.Marksın əsərləri respublikamıza XIX əsrin son onilliklərində gəlməyə başlamışdı. 1885-ci ilin yanvarında hakimiyyət orqanları “Kommunist Partiyasının “Manifesti” əsərinin poçtla Moskvadan göndərilmiş nüsxəsini Bakıda tutmuşdu. “Kapital”ın 1 – 2-ci cildləri Bakının kitabxanalarına XIX əsrin 90-cı illərin axırlarında və sonrakı illərdə gəlib çıxmışdı. K.Marksın əsərlərinin mütəşəkkil yayılması RSDFP –nin Bakı Komitəsi yaradıldıqdan sonra başlanmışdı. N.Nərimanov 1906-cı ildə “Hürriyyətə dair bir neçə söz” məqaləsində “Marksın gözəl fikirlərini dəyişib bir qeyri donda göstərən” təftişçiləri tənqid etmişdir. N.Nərimanov K.Marksın təlimi haqqında yazmışdır: “Tarix boyunca həmişə, yer üzündə haqsızlığı yox etmək üçün qanunlar yaradan hükəmalar və filosoflar meydana çıxır… Lakin haqq və ədalət xəyal olaraq qalırdı… Böyük ideyalar carcısı Karl Marks bizə yeganə düzgün yol göstərdi ki, bu yol insanları fəlakətlərdən səadətə doğru aparır, bu yol kommunizm yoludur… Qoca Şərq yeganə düzgün yol ilə kommunizmə getməlidir”.

Respublikanın əməkdar müəllimi Babək Xubyarov tədbirdə çıxışında bildirdi ki, Karl Marks F.Engelslə fasiləsiz yaradıcılıq əməkdaşlığı şəraitində yeni, dialektik materialist dünyagörüşü yaratmış və bütün ömrü boyu onu inkişaf etdirmişdir . Bu dünyagörüşü kerçəkliyi dərk etmək və dəyişdirmək üçün güclü silah oldu. Proletariatın ideologiyasının elmi ifadəsi olan bu dünyagörüşü azadlıq mübarizəsi və kommunizm cəmiyyəti quruculuğu nəzəriyyəsi kimi proletariata xidmət edir.

Tarixçi – metodist müəllim İsgəndər Beydullayev öz çıxışına: – Karl Marks ideyaları və əsərləri Rusiyada XIX əsrin 40-cı illərində yayılmışdır, – sözləri ilə başladı. O, daha sonra qeyd etdi ki, fəhlə hərəkatı artdıqca, inqilabi – sosial demokratiya təşəkkül tapdıqca, bolşeviklər partiyasının fəaliyyəti genişləndikcə, polis və məhkəmənin təqiblərinə baxmayaraq, K.Marksın əsərlərinin gizli və açıq nəşri çoxalırdı. Rusiyada K.Marksın əsərləri 1905 – 1907-ci illər inqilabı zamanı xüsusilə çox nəşr edilmişdi. Böyük Oktyabr Sosialist İnqilabının qələbəsindən sonra V.İ.Leninin təşəbbüsü və qayğısı sayəsində K.Marksın əlyazmalarını toplamaq və səliqə ilə saxlamaq sahəsində müntəzəm iş aparılmağa başladı.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkaşı Bəxtiyar Nəcəfov qeyd etmişdir ki, Karl Marksın ideya – siyasi baxışlarının formalaşması Qərbi Avropa ölkələrində burjua inqilablarının yetişdiyi dövrə təsadüf etmişdi; yeni ictimai sinif – proletariat tarix səhnəsinə atılmış və proletar dünyagörüşünü, proletariatın azadlıq mübarizəsinin elmi nəzəriyyəsini işləyib hazırlamağa tələbat yaranmışdı. Və Karl Marks silahdaşı F.Engelslə bunun öhdəsindən məharətlə gəlmişdr.

Azərbaycan KP Masallı Rayon Partiya Komitəsinin büro üzvü, “Lenin orden”li kommunist İman Bədəlov öz çıxışında dedi: – Karl Marksın həyat yolu son dərəcə çətin olmuşdur. Bütün Avropa ölkələrinin mürtəce qüvvələri onu təqib edirdilər, burjuaziyanın ideoloji əlaltıları onu gözümçıxdıya salırdılar. Lakin proletar inqilabçısı kimi öz borcuna hədsiz sədaqətli olan Marks bütün sınaqlara mərdliklə dözürdü.

Tədbirdə çıxış edən səhiyyə işçisi Cavid Əmiaslanov F.Engelsin Karl Marks haqqında yazdığı bir fikri xatırlatdı: “Marks bizim hamımızdan daha yüksək idi, daha uzaqları görürdü, hər şeyi hamımızdan çox və daha tez qavrayırdı. Marks dahi idi, biz isə, olsa – olsa istedad sahibi olan bir adam. Markssız bizim nəzəriyyəmiz heç də olduğu kimi olmazdı. Buna görə bu nəzəriyyə haqlı olaraq Marksın adı ilə adlanır”.

Tədbiri yekunlaşdıran Azərbaycan KP MK-nın katibi Ədalət Abdinov bildirmişdir ki, uzun illər ölkəmizin kommunistlərinə rəhbərlik etmiş Heydər Əliyevin qayğısı ilə 1969-cu ilin avqustunda Karl Marksın nəvəsi Pol Longe Bakıda olmuşdur. Azərbaycanda K.Marksın adına kənd, mədəni-maarif müəssisələri, kolxoz və sovxozlar, meydanlar, bağlar, küçələr və s. var idi: ” Təəssüf ki, hazırki hakimiyyət tərəfindən bunlar ləğv edilmişdir. Buna baxmayaraq, Karl Marks ideyaları uğrunda Azərbaycan kommunistlərinin şərəfli mübarizəsi davam edir”.

STRATEQ.AZ