ABŞ xarici işlər nazirliyinin sözçüsü Con Kirbi Birləşmiş Ştatların Türkiyədəki qanlı çevriliş cəhdinin arxasında olduğu haqda iddialara cavab verərək Ankara ilə Vaşinqtonun sadəcə müttəfiq deyil, həm də dost olduğunu deyib.
Avropa.info xəbər verir ki, günlük mətbuat konfransında danışan Kirbi, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yenə də dəlillərə ehtiyac olduğunu bildirib.
"Biz Gülən və ekstradisiyası haqqında mütəmadi olaraq danışırıq və ekstradisiyası dəlillərə əsaslanan bir məsələdir. Türkiyənin göndərdiyi bəzi sənədlər bizə çatıb və hazırda təhlil edilir. Bu məsələdə yenilik yoxdur."
Dövlət çevrilişi cəhdini pislədiklərini və bu təşəbbüsdən sonra isə Türkiyə hökumətinin atdığı addımları başa düşdüklərini bildirən Kirbi, "Bu məsələni sona qədər həll etmək hökumətin vətəndaşlarına olan borcudur. Araşdırmalıdır və dövlət çevrilişinə cəhd göstərənlər məsuliyyətə cəlb edilməlidir" deyib.