XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

31 İyul 2016 - 16:10

Putin Türkiyəni Qərbdən qoparır:“Türkiyə güclü mövqedə deyil”

ARPU 221

Türkiyə hökumətinin devrilməsi üçün həyata keçirilən uğursuz silahlı cəhd, Ankaranı Moskva ilə münasibətləri bərpa etməyə vadar edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin, 9 avqustda Sankt-Peterburqda görüşməyi planlaşdırıblar.

Bu görüş Putin üçün olduqca uğurlu bir vaxtda keçiriləcək. Türkiyə Qara dəniz ətrafında böyük geosiyasi oyunçudur və indi onun Qərbə tərəf yönəlməsi məsələsinə yenidən baxıla bilər. Türkiyənin qiyamçılara qarşı sərt tədbirlər görməsinin ABŞ və Avropa Birliyi tərəfindən tənqd edilməsi, demək olar ki, Ankara ilə bütün Qərb müttəfiqləri arasında gərgin münasibətlər yaradıb.

Ankara və Moskva arasındakı münasibətlər, keçən ilin noyabrında Suriya-Türkiyə sərhəddində Rusiya qırıcı təyyarəsinin türkiyəli pilot tərəfindən vurulmasından sonra kəskin şəkildə pisləşmişdi.

İkitərəfli münasibətlərdəki bəzi istiləşmələr, hələ qiyamdan öncə, iyun ayında Ərdoğanın üzr istəməsindən sonra da başlamışdı. Amma indi bu proses nəzərəçarpacaq dərəcədə sürətlənib.

Ərdoğanın xarici məsələlər üzrə müşaviri Ayşe Sezen Usluer deyib: “Tərəflər anlayır ki, pis münasibətlər hər iki ölkə üçün ziyanlıdır. Mənim baxışıma görə, əlaqələrin normallaşması üçün siyasi iradə mövcuddur. Düşünürəm ki, ölkələrimiz arasındakı əlaqələr, təyyarənin vurulmasına kimi olan səviyyəyə qayıdacaq”.

Türkiyə hakimiyyəti bildirib ki, çevrilişə cəhddə iştirak edənlər arasında Rusiya bombardmançı təyyarəsini vuran pilot da var. Ola bilər ki, bu, Moskva üçün bir jestdir. Türkiyə məmurları KİV-lərə məlumat veriblər ki, Rusiya təyyarəsinin vurulması, hökumətə qarşı yönəlmiş qəsdlə əlaqəli ola bilər.

Çevrilişə cəhd zamanı Kreml Ərdoğanı ilk dəstəkləyənlərdən oldu. Buradakı mühüm məsələ ondan ibarətdir ki, Moskva öz kömək əlini uzadan zaman, hələ qiyamın nə ilə nəticələnəcəyi bəlli deyildi. İstanbulun “Kadir Has Universiteti”nin beynəlxalq münasibətlər üzrə eksperti Soli Özel qeyd edir ki, bu fakt, danışıqların məhz avqust ayında keçirilməsi qərarına gəlinməsində xüsusi rol oynayıb.

Soli Özel deyir: “Putin Ərdoğanı müdafiə edib. Təsdiq olunmamış məlumatlara görə, məhz Rusiya çevriliş ola biləcəyi barəsində türklərə xəbərdarlıq edib. Maraqlıdır ki, baş tutmayan çevrilişdən sonra, Ərdoğan özünün xarici dövlət başçıları ilə ilk görüşünü məhz Putinlə keçirəcək”.

Şübhəsiz ki, Putin Ankaranın Qərb müttəfiqlərinin ləngliyindən fərqli olaraq, Türkiyə hökumətini dərhal dəstəklədiklərini yada salmağı unutmayacaq. Bir çox dövlətlər gözləmə mövqeyini tutmuşdular və qiyamçıların fəaliyyətlərini o zaman kəskin qınamağa başladılar ki, artıq çevriliş cəhdinin uğursuzluqla nəticələnməsi tam bəlli olmuşdu. Türkiyə hökumətinin üzvləri dərindən əmindirlər ki, müttəfiq ölkələrin əksər siyasətçiləri onların tərəfində deyildi. Böyük Britaniya çevrilişə cəhdin növbəti səhəri, saat 11–də bəyanat verdi. ABŞ senatorlarından biri Dik Blek isə, öz “Twitter” səhfəsində yazıb: “Yaxşı xəbərlər var – hərbçilər Türkiyə diktatorunu devirməyə cəhd göstərirlər”.

Ərdoğanın müşaviri Ayşe Usler Amerika prezidenti Barak Obamaya dəstək üçün minnətdarlığını bildirir, lakin onun bəyanatı, qiyam baş tutmayandan sonra səslənib. Türkiyənin “Cümhüriyyət” qəzetinin təcrübəli şərhçisi Semih İdiz yazır: ”Çoxları qəzəblənir, sıravi vətəndaşlar və hökumət üzvləri tərəfindən Qərb əleyhinə xeyli sayda məqalələr, bəyanatlar meydana çıxır. Əksəriyyət ABŞ və NATO əleyhinə köklənib, ona görə də xarici siyasət sferası müəyyən böhran yaşayır”.

Soli Özelin sözlərinə görə, İran, indiki aktiv hadisələr fonunda Türkiyə ilə onun regiondakı bir neçə yaxın müttəfiqi arasında münasibətləri korlamağa çalışır. O deyib: “İranlılar çevriliş cəhdini dərhal qınayıb. İran həmçinin iddia edir ki, qiyamda Qatar və Səudiyyənin də əli var. Mən bilmirəm, bu bəyənatlara inanmaq olarmı? Onların sözlərinə görə, çevriliş barəsində ilk xəbərdarlığı məhz ruslar ediblər”.

Hal-hazırda fürsətdən istifadə edən Moskva Ankaraya tətbiq edilmiş iqtisadi sanksiyaların götürülməsi prosesini sürətləndirir. Baş nazirin müavini Arkadiy Dvorkoviç bildirib ki, Türkiyə qida məhsullarının idxalına qoyulmuş qadağanın götürülməsi və “Türk axını” layihəsi üzərində işlərin bərpa olunması barəsindəki müzakirələr yenidən başlanacaq. Türkiyə-Rusiya münasibətləri soyuyandan sonra bu layihə dondurulmuşdu.

Türkiyə iqtisadiyyat naziri Nihat Zeybəkçi “Türk axını” barəsində danışarkən deyib: ”Bu layihə üzərindəki işlərin davam etdirilməsi məsələsinin həlli üçün siyasi qərarlar alınıb”. Baş nazirin müavini Mehmet Şimşek, hətta Rusiyanı “strateji tərəfdaş” adlandırıb.

Ancaq Moskva ilə Ankaranın yaxınlaşması üçün diplomatik sferada müəyyən məsələlər öz həllini tapmalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ikitərəfli münasibətlərin bərpası prosesi ilə bağlı söyləyib: “Rusiya və Türkiyə ikitərəfli ticarət aparacaq, müştərək investisiya və sənaye layihələrini yerinə yetirəcəklər. Həmçinin bir dövlət kimi Suriya böhranının həll edilməsi məsələsində əməkdaşlıq edəcəklər”.

Suriyadakı vətəndaş müharibəsində Ankara və Moskva, əks tərəfləri dəstəkləyirlər. Suriyanın müqavimət qüvvələri Türkiyənin ərazisindən, özlərinə lazım olan malların daşınması yolu kimi istifadə edirlər. Lakin Ankara israrla bildirir ki, onlar yalnız humanitar yüklərin aparılmasına icazə verirlər.

Gözlənildiyi kimi Suriya məsələsi Ərdoğan və Putin arasındakı görüşün əsas müzakirə obyekti olacaq. Putinlə görüş zamanı Ərdoğan geosiyasi baxımdan zəif mövqedən çıxış edəcək. Diplomatik məsələlər üzrə icmalçı Semih İdiz vəziyyəti belə şərh edib: ”Çevriliş cəhdindən sonra Türkiyə güclü mövqedə deyil. O, öz iradəsini tabe etdirə bilməz”.
Ola bilər ki, Putin uzunmüddətli strateji yanaşmaya üstünlük versin və hələlik Ankaranın zəif tərəfindən istifadə edərək, indiki mərhələdə Türkiyəni Qərb müttəfiqlərindən ayırmağa çalışsın.

Öz növbəsində Ərdoğan başa düşür ki, Putin ilə görüş, ona Qərb müttəfiqləri ilə münasibətlərdə müəyyən üstün imkanlar yaradacaq. Ərdoğanın müşaviri Ayşe Usluer bildirib ki, Ankara NATO və Vaşinqtonla əlaqələrinə sadiq qalacaq, lakin onu da əlavə edib ki, Türkiyə praqmatik addımlar atacaq. O deyib: ”Soyuq müharibədən sonra Türkiyə bütün ölkələr arasında eyni çəkidə balanslaşmış xarici siyasət aparıb və onlarla qarşılıqlı mənfəət prinsipləri əsasında münasibətlərə üstünlük verib”.    (“EurasiaNet” – ABŞ)

(Azpolitika.info)