Rəsmi Vaşinqton Türkiyədə hərbi çevrilişin yatırılmasını dəstəkləyir və türk hökuməti ilə hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.
APA-nın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordla görüşdən sonra Türkiyə baş naziri Binali Yıldırımın mətbuat xidməti belə deyib.
“Cozef Danford qətiyyətlə hərbi çevrilişə cəhdi pisləyib. O bildirib ki, səfərinin əsas məqsədi ABŞ-ın Türkiyə və türk xalqı ilə həmrəyliyini göstərməkdir. O həmçinin qeyd edib ki, rəsmi Vaşınqton Türkiyənin demokratik sistemini dəstəkləyir və iki ölkə arasında hərbi əməkdaşlıq bundan sonra da davam edəcək”, – deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, Binali Yıldırımın Cozef Danfordla görüş zamanı həmçinin Suriyadakı vəziyyət və İŞİD-lə mübarizə müzakirə edilib.