Avqustun 1-dən ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiyaya səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan “Yaşıl Kartı”nı əldə edə bilərlər.
İcbari Sığorta Bürosundan (İSB) Azərtac verilən məlumata görə, iyunun 23-də İSB ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında “Yaşıl Kart” sistemi çərçivəsində sənədlərin qarşılıqlı tanınmasına dair imzalanmış ikitərəfli sazişə əsasən avqustun 1-dən ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiyaya səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan “Yaşıl Kartı”nı əldə edə biləcəklər. Eyni qaydada Rusiyada qeydiyyatdan keçən avtonəqliyyat vasitəsi sahibləri ölkəmizə səyahət etdikdə Azərbaycanda etibarlı olan “Yaşıl Kart”ı əldə edə bilərlər.
Həmçinin, Rusiyaya səfər etmək istəyən vətəndaşlar avqustun 1-dən öncə rəsmiləşdirilən və qüvvədə olan Azərbaycan “Yaşıl Kart”larını (Türkiyə və İran İslam Respublikası ərazisində etibarlı olan “Yaşıl Kart”lar istisna olmaqla) sığorta müqaviləsini rəsmiləşdirən sığorta şirkətlərinə təqdim etməklə yeni blankda çap edilmiş və üzərində Rusiyanın beynəlxalq ölkə kodu (RUS) açıq olan Azərbaycan “Yaşıl Kart”ları ilə ödənişsiz olaraq dəyişdirə bilərlər.