Elxan Şahinoğlu: «Türkiyə səfirinin müdafiə nazirimizlə görüşü o mesajdır ki, ehtiyatlı olun, eyni addımlar Azərbaycanda da atıla bilər»
Dünən müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ismayıl Alper Coşkun ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Dünən eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarovun ÿtürkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.
Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib.
Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.
Səfirin nazirlə görüşü və baş diplomatların telefon danışığı kifayət qədər maraqlı dönəmə təsadüf edir. Türkiyədəki proseslər ordudan başlamışdı. Bu baxımdan səfirin müdafiə naziri ilə görüşü bir sıra suallar yaradır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, çevrilişə cəhddən sonra Türkiyə hökuməti bütün diplomatlarına tapşırıb ki, çalışdıqları ölkələrdə fəaliyyətlərini genişləndirsinlər, təbliğat işləri aparsınlar. Burada məqsəd həmin ölkələrin rəhbərliyi ilə görüşüb Gülən hərəkətinin təhlükələri barədə məlumat verməkdir: “Düşünürəm ki, Türkiyənin Azərbaycandakı səfiri məhz bu əsnada xeyli fəallaşıb. Həm bir neçə gün öncə jurnalistlər, köşə yazarları ilə, həm də müdafiə naziri ilə baş tutan görüş təsadüfi deyil. Türkiyənin səfiri artıq həm görüşlərinin miqyasını da artırmaqdadır. Maraqlıdır ki, hazırkı səfirin artıq vaxtı bitir. Sentyabrda onu başqa bir səfir əvəz edəcək. Adətən belə hallarda səfirin elə bir ciddi fəaliyyəti olmur. Amma Alpər Coşqun xeyli təbliğat işi aparır. Bu da Ankaradan verilən göstərişlə bağlıdır. Əslində bu Türkiyənin Azərbaycan cəmiyyətinə bir mesajıdır. Türkiyə bununla demək istəyir ki, əgər bu şəbəkə Türkiyədə ölkəni ordudan vurdusa, eyni hadisəni digər ölkələrdə də təkrarlaya bilər. Şəbəkə digər ölkələrin də ordularına sirayət edə bilər”.
E.Şahinoğlu bildirdi ki, Azərbaycanda orduda Gülənə bağlı adamların olmasıyla bağlı informasiya yoxdur. Amma belə bir informasiya Türkiyədə də yox idi. “Türkiyədə heç kim güman etmirdi ki, terrorçu şəbəkənin bu qədər üzvü orduya sirayət edə bilər. Indi bəlli olur ki, 80-ci illərdən bunlar orduya sızmağa başlayıblar. Onlar test cavablarını oğrulayaraq öz adamlarını orduya keçiriblər. Istisna deyil ki, onlar bu cür əməliyyatları başqa ölkələrdə də aparıblar. Azərbaycanda bu terrorçu şəbəkə hakimiyyət strukturlarına qədər gəlib çıxa biliblərsə, SOCAR-ın Türkiyədəki rəhbərliyini tamamilə ələ keçiriblərsə, istisna deyil ki, onlar eyni prosesi Azərbaycanda da həyata keçirə bilərdilər. Ona görə Türkiyə səfirinin müdafiə nazirimizlə görüşü o mesajdır ki, ehtiyatlı olun, eyni addımlar Azərbaycanda da atıla bilər. Düşünürəm ki, Zakir Həsənov səfirin dediklərinə diqqət edib, təftiş həyata keçirəcək”, deyə E.Şahinoğlu vurğuladı.
E.Şahinoğlunun fikrincə, bütün dövlət strukturlarında, xüsusilə SOCAR-da təftiş əməliyyatı aparmağa ehtiyac var. Aydınlaşmalıdır ki, SOCAR-da nə baş verib. E.Şahinoğlunun fikrincə, Çavuşoğlu ilə Məmmədyarov arasında olan telefon söhbəti zamanı SOCAR-la bağlı məsələyə toxunulub. (Azadlıq.info)