XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 22:14

Şair-publisist İranın uğuruna niyə sevinir?

Saytımızın əməkdaşı şair-publisist Heydər Oğuz öz facebook səhifəsində İranla “altılıqlar” arasında bağlanmış nüvə sazişini şərh edib. Aktuallığını nəzərə alıb bu status-şərhi Strateq.az oxucularına təqdim edirik:

“Altılıq”lar nə qədər etiraf etməsələr də, bu gün bağlanan nüvə sazişi İranın atom bombasına sahib olmasının yolunu açan bir sənəddir. Hətta müqavilə şərtinə tam mənasıyla əməl olunsa belə, İran 15 ildən sonra hüquqən nüvə silahı istehsal edə biləcək. Bu baxımdan İsrailin irad və etirazlarını haqlı görürəm. Təbii ki, sionizm nöqteyi-nəzərindən…

Azərbaycan nöqteyi-nəzərindən baxanda isə məsələ bir qədər fərqliləşir. Düzdür, İranın nüvə arsenalına malik olması ilk baxışdan Azərbaycanın da təhlükəsizliyini şübhə altına alır. Amma bir daha altını cızaraq təkrarlayıram: ilk baxışdan.
Məsələnin dərinliyinə nəzər salanda isə İranın sahib olacağı nüvə silahı bizi qətiyyən təhdid etmir. Hər halda İran Azərbaycanla yarana biləcək istənilən problemin həllində nüvə silahına əl atacaq qədər zəif deyil. üstəlik, o silahlardan bizə qarşı istifadə olunması ehtimalında biz qədər, hətta bizdən daha çox özü zərər görə bilər. Bu səbəbdən də İranın potensial nüvə silahının hədəfi heç zaman biz olmayacağıq.
Rəsmi Tehranın bizi hədəfə almayan bu silaha sahib olmasının regional təhlükəsizlik və milli-mədəni mənsubiyyətimiz baxımından Azərbaycana hətta xeyri də var. Hər halda Yaxın Şərq ölkələrinin belə bir potensialı əvvəlcədən olsaydı bugünkü ağır taleyi yaşamazdılar. İslam ümməti Qərb imperializminin cizməsi altında əzilməz, məzhəb münaqişələrinin poliqonuna çevrilməzdi.
İranın bu avantaja sahib olması istər-istəməz onun regiondakı rəqiblərini də eyni silaha sahib olmağa həvəsləndirəcək, nəticədə supergüclərin bölgəyə zorla qəbul etdirdiyi nüvəsizləşdirmək siyasəti iflasa uğrayacaq. Bu da öz növbəsində Yaxın Şərqi yuvasına çöp uzadılması məsləhət bilinməyən arı durumuna gətirəcək. Beləcə, hər kəs müsəlman dünyasıyla bilək gücüylə deyil, nəzakətlə danışmağa çalışacaq.
Məsələyə bu aspektdən nəzər salanda, İran nə qədər bizim milli dəyərlərimizə zidd qüvvə olsa da, mən onun bu gün diplomatiya masasında qazandığı uğura sevinirəm.

Darısı, Türkiyənin başına!