“Azərbaycanla vizanın ləğvi ilə bağlı müzakirələr aparılmır. Hazırda vizanın sadələşdirilməsi məsələsi diqqət mərkəzindədir”.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bununla bağlı yayılmış xəbəri şərh edərkən deyib.
Səfir bildirib ki, Azərbaycan vətəndaşlarının İrana getmək üçün vizaya ehtiyacları olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası İran vətəndaşları üçün viza sadələşdirməsini nəzərdə tutmağı qərara alıb: “İlk mərhələdə İran İslam Respublikası vətəndaşları üçün Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizanın verilməsi qərara alınıb. Bu sahədə icra mərhələləri bu ölkə tərəfindən elan olunacaq. Növbəti mərhələdə bir neçə aydan sonra iki ölkənin sərhəd keçidlərində, yəni Astara və Biləsuvarda da vizanın verilməsi tətbiq olunacaq”.
Möhsün Pakayinin sözlərinə görə, Azərbaycan Respublikası heç bir ölkə ilə viza rejimini ləğv etməyib və İranla və ya hər bir digər ölkə ilə vizanın ləğv edilməsi Azərbaycan Milli Məclisində qanunların təsdiqlənməlidir.
Qeyd edək ki, bir sıra KİV-lər İran prezidentinin Azərbaycana səfərində İran vətəndaşlarına vizanın ləğv edilməsindən xəbər verib.