AKP-nin koalisiya müzakirələri çərçivəsində sonuncu görüşü bu gün HDP ilə baş tutub.
Xatırladaq ki, baş nazir Əhməd Davudoğlu ilk olaraq CHP, ardından da MHP ilə görüşmüşdü. CHP ilə görüş 1 saat 40 dəqiqə, MHP ilə 1 saat 45 dəqiqə, HDP ilə isə 1 saat 58 dəqiqə çəkib. Prezident Rəcəb Tayyib Ərdoğan yeni hökuməti qurmaq vəzifəsini Davudoğluna həvalə edəndən sonra AKP açıqlama vermişdi ki, HDP ilə koalisiya qurmaq fikrində deyillər. Bununla belə, Davudoğlu məhz koalisyon hökumətin müzakirəsi üçün HDP ilə görüşdü.
Strateq.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdən sonra açıqlama verən Davudoğlu bildirib ki, AKP seçkidə səslərin 13 faizini toplamış bir partiyanı yox saya bilməzdi: «Xalqın verdiyi səsə uyğun olaraq hamıya fikrini ifadə etmək üçün şərait yaradılmalıdır. Vətəndaşlarımızın seçimini görməməzlikdən gələ bilmərik».
Baş nazir seçkidən sonra «AKP-nin olduğu koalisiyaya nə daxildən, nə kənardan dəstək verəcəyik» deyən HDP-nin bu bir ay ərzində dəyişdiyini deyir:
«HDP yanaşması dəyişib. Elə doğru olan da budur».
Hər iki tərəfdən 6 nəfərin iştirak etdiyi görüşdə HDP sədri Səlahəddin Dəmirtaş əsas prinsiplərinin barış, demokratiya, ədalət olduğunu bildirib. Davudoğlu isə buna cavab olaraq Dəmirtaşa «barışdan söhbət gedirsə, kimlərsə bunu silahla təhdid etməməlidir» deyərək, HDP-ni elə bu prinsipə uyğun davranmağa çağırıb.
Qeyd edək ki, koalisyon hökumətlə bağlı müzakirələr davam edəcək və Əhməd Davudoğlu hər üç partiya ilə yenidən görüşlər keçirəcək.