İki ilə yaxındır ki, təmir-bərpa işləri aparılan Bakı Dəmiryolu Vağzalının payızda açılması planlaşdırılır.
Bu barədə Dövlət Dəmir Yolları ASC-nin mətbuat katibi Nadir Əzməmmədov 1Xəbər.com-a məlumat verib. Onun sözlərinə görə, işlərin yekunlaşması ilin sonuna nəzərdə tutulsa da, prosesi sürətləndiriblər: "Oktyabrın 13-də Dəmiryolçuların Peşə bayramı günüdür. Çalışırıq ki, həmin günə qədər vağzalın açılışını da çatdıraq."
Nadir Əzməmmədovun sözlərinə görə, təmir işləri axırıncı mərhələdədir. "Binanın fasadında, daxilində işlər yekunlaşmaq üzrədir. Platformalarda iş gedir. Yeni vağzal binasında gözləmə zalı əvvəlkindən daha geniş olacaq, Wi-Fi sistemi quraşdırılacaq. Mehmanxana fəaliyyət göstərəcək. Sərnişinlərin asudə vaxtlarının təmini üçün müasir görünüşlü kafe və çayxanalar da nəzərdə tutulub".
Qeyd edək ki, təmir işləri ilə əlaqədar vağzalın ətrafında yerləşən obyektlərin 90%-i sökülüb. Bu isə sahibkarların narazılığına səbəb olub.
Qurumun mətbuat katibi bildirir ki, "Vağzal ətrafında olan mağazalar sökülüb yenidən müasir formada tikiləcək. Və həmin sahibkarlara köhnə qiymətlərlə qaytarılacaq."
Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının "Mavritaniya" üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.
Bakı dəmir yolu vağzalı Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.
Strateq.az