Cəfərov Əyyub banka borcunu qaytara bilmədiyindən psixi problemlər yaşayır
46 gün əvvəl naməlum şəraitdə evdən çıxıb, bir daha geri qayıtmayan Salyan rayon sakini Cəfərov Əyyub Hidayət oğlu Siyəzən rayonunun Qalaaltı kəndi yaxınlığında tapılıb.
Cəfərov Əyyub əvvəllər uzun müddət Salyan rayonunun Varlı inzibati ərazi nümayəndəliyində baş mühasib vəzifəsində çalışıb. Son illərdə isə həmin kənddə poçt müdiri vəzifəsində işləyirdi. Banklara borcunu qaytara bilmədiyi üçün onda psixi problemlərin baş qaldırdığı deyilir. Xatırladaq ki, o, son bir ildə bir neçə dəfə heç kəsə xəbər etmədən evdən gedib, sonra yaxınları onu kəndin əkin sahələrindən tapıb. Son dəfə isə bu il iyunun 1-də evdən çıxmışdı və o vaxtdan haqqında heç bir məlumat yox idi.
Bu gün kənd sakinlərinin Strateq.az saytına verdiyi məlumata görə, dünən axşam qardaşları onu Qalaaltı kəndi ərazisində taparaq evinə gətiriblər.