XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 17:50

BMT-nin 71-ci sessiyasında Dağlıq Qarabağdakı vəziyyətmüzakirə olunacaq

BMT

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb.
APA-nın məlumatına görə, gündəliyin hələlik son versiyası təsdiqlənməyib.
Bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə də daxil edilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 71-ci sessiyası 13-26 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ənənəvi olaraq hər il BMT Baş Assambleyasının sessiyasına qatılırlar.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.