XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2016 - 18:51

“Türk axını” üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarasısaziş oktyabrda imzalana bilər

Axım

“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş oktyabrda imzalana bilər.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Nazir Rusiyanın enerji nəhəngi “Gazprom”un artıq “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə müzakirələrə başladığını deyib.

Qeyd edək ki, ötən günlərdə A.Novak Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən “Türk axını” qaz boru kəməri üzrə ilk boru xəttinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanıla biləcəyini demişdi.

İyunun 28-də isə “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.

“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.