XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

17 Avqust 2016 - 15:57

Cahangir Hacıyev:"Həbsimə qədər 11 dəfə istintaqa ifadə vermişəm"

Cahangir

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlər veriblər.

Onlar hüquqlarını müfafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsini, şüşə qəfəsdən çıxarılıb müdafiəçilərin yanında əyləşməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, maliyyə naziri Şamil Şərifovun şahid qismində məhkəmədə ifadə verilməsini istəyib.

C.Hacıyev vəsatətə münasibət bildirib. O, 2001-ci ildən bankın idarə heyətinin sədri olduğunu deyib: "Cinayət işi açılanda xaricdə müalicə alırdım. Sonra ölkəyə qayıtdım. İstintaqa dəvət ediləndə özüm getmişəm. 11 dəfə istintaqa ifadə vermişəm. Ötən il dekabrın 4-də barəmdə həbs qətimkan tədbiri seçilib".

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Günün ikinci yarısında baş tutan prosesdə C.Hacıyevin vəkillərinin qaldırdığı vəsatətlərlə bağlı qərar açıqlanıb. Qərara əsasən, vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.