Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 18 avqust 2016-cı il tarixində saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş yanğınla bağlı açıqlama yayıb.
Strateq.az nazirliyə istinadən xəbər verir ki, məlumatda havanın küləkli olması səbəbindən yanğının söndürülməsində çətinliklər yarandığı və geniş ərazini əhatə edərək Şamaxı meşəbəyliyinin 7 saylı dolayına keçdiyi bildirilib:
"Hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək hadisə yerinə aparılıb. Həmçinin Nazirliyin 50 nəfərlik heyəti dünəndən hadisə yerinə yola düşüb.
Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşlarının və meşə işçilərinin fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında lokallaşdırılıb, 19 avqust 2016-cı il tarixində səhər saat 10 radələrində isə tam söndürülüb.
Bildiririk ki, Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus ərazidə baş verən yanğın ümumilikdə 35 hektar sahəni əhatə edib və bundan yalnız 2 hektara yaxın ərazi meşə fondu torpaqlarına aiddir. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın nəticəsində quru ot və kol örtüyü yanıb, ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib".
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.