XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 21:45

Norveç şirkəti TAP-dakı payını satdı
Norveçin Statoil şirkəti özünün Transadriatik Qaz Kəməri (TAP) layihəsindəki 20 faizlik payını satdığını elan edib.
Bu barədə məlumatı Azərbaycan dövlət neft şirkəti SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Reuters” agentliyinə verib.
Abdullayev bunu da əlavə edib ki, Statoil-un payına artıq müştəri var. “Bir neçə şirkət Statoil-un payını almağa maraq göstərib və bu payın bir neçə şirkət tərəfindən alınması daha yaxşıdır” – deyib SOCAR prezidenti.
Statoil bu məlumatlarla bağlı heç bir şərh verməyib.
“Biz, adətən, öz payımızdakı düzəlişlər barədə şərh vermirik” – deyib şirkətin sözçüsü “Reuters” agentliyinə.
TAP kəməri bu onilliyin sonunadək inşa edilməli və dünyanın ən böyük qaz yataqlarından biri olan Şahdəniz 2 dəniz yatağından 16 milyard kubmetr qazı Avropaya nəql etməlidir. 870 kilometrlik kəmər Türkiyə-Yunanıstan sərhədinin Kipoi məntəqəsində Transanadolu Kəmərinə (TANAP) bağlanmalı, Yunanıstan və Albaniya ərazisindən keçərək cənubi İtaliyaya çıxmalıdır.
20 faiz nə qədər edir?
Statoil artıq özünün Şahdəniz qaz yatağındakı, habelə Cənubi Qafqaz Kəmərindəki payını SOCAR, BP və Malayziyanın Petronas şirkətlərinə satıb. İtaliyanın qaz infrastrukturu şirkətlərindən Snam ötən ay bildirmişdi ki, TAP layihəsində 20 faizədək pay almağa hazırdır.
Rəsmilər 20 faizlik payın pul dəyərini açıqlamaqdan imtina edirlər, lakin layihəyə daxil mənbələr bunun 400 milyon avro ola biləcəyini söyləyirlər.
Hazırda TAP-da səhm sahibləri BP (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Belçikanın Fluxys şirkəti (19 faiz), İspaniyanın Enagas şirkəti(16 faiz) və İsveçrənin Axpo şirkətidir. (azadliq.org)