XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 17:51

«Başına buzlu su tök!» kampaniyası nə qədər pul topladı?

ALS xəstəliyinə diqqət çəkmək və bu xəstəlikdən əziyyət çəkənlərə maddi yardım etmək məqsədi ilə ötən il bütün dünyada geniş kampaniya başladılmışdı.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dakı ALS dərnəyinin başlatdığı və qısa zamanda məşhurlaşan bu aksiyanın şərtinə əsasən, başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edirdi. Həmin şəxslər başına bir vedrə buzlu su tökə bilməsəydi, ALS xəstələrinə 100 dollar verməli idilər.

Kampaniyaya “Facebook”un yaradıcısı Mark Zükerberqdən tutmuş, “Microsoft”un prezidenti Bil Qeytsə qədər bir çox məşhurlar da qatılmışdı. ALS dərnəyinin məlumatına görə, kampaniya böyük əks-səda yaradıb və bütün dünyada dəstəklənib.

Kampaniya müddətində 115 milyon dollar vəsait toplanıb. Bunun 77 milyonu ALS-lə bağlı tibbi araşdırmalara, yerdə qalan vəsait isə bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsinə xərclənib. ALS (amiotrofik skleroz) nadir, lakin çox ağır xəstəlikdir. Dünyada hər yüz min insandan birində bu xəstəlik inkişaf edir. Adətən xəstəliyə yaşı 40-60 olan insanlar tutulur. Onların 90 faizi ilk 5 il ərzində dünyasını dəyişir. Xəstələrdə çox ağır pozulmalar inkişaf edir, bütün bədən əzələləri tədricən beyinin nəzarətindən çıxır. Buna səbəb beyindən əzələlərə impulsları ötürən neyronların (sinir sistemi hüceyrələri) məhv olmasıdır. Xəstəliyin əvvəlində insan əzələlərdə keyimə, gıcolmalar, ətraflarda zəiflik hiss edir, güclə danışır.

Daha sonra xəstənin əzələləri tam donur – xəstə heç bir hərəkət edə bilmir. Müəyyən anda nəfəsalma əzələləri də keyiyir ki, insan boğulmağa başlayır. Həyatın sonuna kimi xəstə müstəqil şəkildə nəfəs ala bilmir, süni yolla qidalanır.