XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 20:11

Qanunsuz valyuta mübadiləsi:Prokurorluqda cinayət işi başladıldı

BAş Prokuror

Son günlər bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması və qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılması barədə daxil olmuş müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının yalnız banklar və onların filial və şöbələri tərəfindən həyata keçirildiyi halda, Bakı şəhəri, 28 May küçəsi, 34 ünvanında Bakı şəhər sakini İlyas Əkbərov tərəfindən qanunsuz fəaliyyət göstərən məntəqəyə baxış keçirilərkən 93 min 665 manat, 80 min 359 ABŞ dolları, 13 min 680 avro, 212 min rus rublu olmaqla, ümumilikdə, 51 ölkəyə məxsus təqribən 320 min Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.

İ.Əkbərovun valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərini pozaraq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 8C, Nərimanov rayonu, Təbriz küçəsi, ev 95 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətullayev küçəsi, 35 ünvanlarında qanunsuz valyuta mübadiləsi əməliyyatları həyata keçirən məntəqələr aşkar edilməklə barələrində qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti qurumlarla əlaqəli şəkildə valyuta qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.