XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 Mart 2015 - 13:51

Milli Şuranın mitinqi başa çatdı- Yenilənib, Fotolar, Video

Milli Şura bu gün Bakıda mitinq keçirib. “Məhsul” stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib.AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, stadionda Azərbaycan xalqı var, ölkənin talanmasına “Yox!” deyənlər var, azad olmaq istəyən insanlar var: “Bu meydanda bütün Azərbaycan var!”.

AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir:”Uca millətim! Səni çaşdırıb, aldada bilmədilər. Yenə meydanlardasan. Onları, sənə zülm edənləri yox, sənə azadlıq gətirmək istəyənləri seçdin. Eşq olsun, sizlərə! Azərbaycan xalqına on illərlə zülm edən sülalə hakimiyyəti sizlərdən qorxur. çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə həbslər oldu, şayiə mexanizimini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. “Yox” demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırması oldu. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana yox deyək. çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Sizin yarıtmaz siyasətinizin nəticəsidir!”.

çıxışının sonunda Ə.Kərimli qeyd edib ki, xalqın mübarizəsi nəticəsiz qalmayacaq: “Biz öz azadlığımıza qovuşacağıq!”.

AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib, çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub, neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesablaşmır. Biz bu siyasətə, bu talana “yox!” demək üçün buradayıq”.
Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli isə meydana gələnləri salamlayıb: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Torpaqların azadlığını gözləyən şəhid ruhlarına salam olsun. Əsirlikdə azadlığını gözləyən Azərbaycan insanına salam olsun. Zülmə boyun əymədiyinə görə məhbəsdə olan Azərbaycan insanına salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”.
O, son olaraq vurğulayıb ki, zülmə boyun əymək olmaz, mübarizə aparmaq lazımdır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, manatın ucuzlaşdırılması hakimiyyətin Azərbaycan xalqının başına gətirdiyi növbəti fəlakətdir: “Azərbaycan hakimiyyətinin ən böyük ümidi o idi ki, bu özbaşınalıqla, azğınlıqla bu xalq barışacaq. ümid edirdilər. Ancaq bu gün meydana gələnlər hakimiyyətin üzünə çırpdı ki, biz kölə deyilik, biz xalqıq. Bu ölkədə təkcə manat yox, bizim bütün haqqımız oğurlanıb!”
Cəmil Həsənli isə ilk olaraq gəncliyi salamlayıb və xalqının gələcəyinin onların mübarizəsindən asılı olduğunu vurğulayıb. O, mitinqin keçirilməməsi, alınmaması üçün hakimiyyətin bir çox yollara əl atdığını, hətta onun profilini oğurladığını xatırladıb: “Bu hakimiyyətdən bundan artıq nə gözləmək olar?”
Onun sözlərinə görə, nə vaxta qədər ki, xalq haqqını tələb etməyəcək, haqqı yeyiləcək: “Bir gün bu xalq bu rejim üzərində öz qələbəsini qeyd edəcək”.
C.Həsənli qeyd edib ki, növbəti mitinq aprelin 5-də, saat 15.00-da eyni məkanda keçiriləcək: “Qələbəyə doğru!”.
Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib.
Həmçinin, maaşların, pensiyaların azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub.
Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan “qan pulu”nun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.
Röya RƏFİYEVA,

Fotolar müəllifindir.