XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 11:21

Xalq Artisti Oqtay Zülfüqarov vəfat edib

Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Zülfüqarov avqustun 31-də ömrünün 87-ci ilində vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, görkəmli bəstəkarla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olub.

Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb, həm kino, həm teatr sənətinə layiqli töhfəsini verib. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Qız ulduz”, “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr edib. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları uşaqların dillər əzbəri olub. Görkəmli sənətkarın gənc nəslin yetişməsində xidmətləri danılmazdır. İyirimi ildən çox bir müddət ərzində o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli iş aparıb.