XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 16:31

Assosiasiyanın sədr müşavirindən açıqlama:"Turizm Şurası daxili və xarici turizmin inkişafında mühüm rol oynayacaq"

Bakı

Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Turizm Şurası daxili, xarici, həmçinin gəlmə və getmə turizmin inkişafında mühüm rol oynayacaq.

Bu barədə, Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Turizm Şurasının yaradılması günün vacib tələbi idi.

Bu qərarın vaxtında verildiyini deyən M.Ağakərimov qeyd edib ki, Turizm Şurası həm də fəaliyyət göstərən və yüksək səviyyədə xidmət göstərməyən bəzi hotellərin, turizm şirkətlərinin işinə istiqamət verəcək: “Turizm Şurasında turizm sahəsinin peşəkarları, ekspertlər toplanacaq. Ekspertlərin köməyi ilə turizmin ən incə detalları müəyyən ediləcək və vaxtında tədbirlər planı hazırlanacaq”.

M.Ağakərimov bildirib ki, Azərbaycan Turizm Şurası Azərbaycan Turizm Assosiasiyasının, Yaşıl Turizmin İnkişafı Assosiasiyasının, Termal və Sağlamlıq Turizmi Assosiasiyasının fəal fəaliyyət göstərməsi üçün tramplin rolunu oynayacaq.

Azərbaycanda indiyədək turizm sahəsi üzrə yalnız sentyabrın 29-da Beynəlxalq Turizm Gününün qeyd edildiyini deyən AzTA rəsmisi bildirib ki, Azərbaycanda Turizm Peşə Gününün təyin edilməsi də turizm sahəsi üçün çox mühüm amildir. Bu günün təyin edilməsi və qeyd edilməsi turizm kadrları üçün motivasiya rolunu oynayır.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Turizm Şurası yaradılacaq. Turizm Şurasının əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir.

Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

Sərəncam əsasında Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görüləcək. (Trend)