Türkiyə Böyük Millət Məclisinin Başqanlıq Divanı bu gün Ağ Sarayda prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. CHP və HDP-nin Divandakı təmsilçiləri görüşü boykot ediblər. Toplantı AKP və MHP-li deputatların iştirakı ilə keçib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir saat iyirmi dəqiqə davam edən görüşdə Ərdoğan yenə təkrar seçkiyə işarə vurub. Türkiyə prezidenti bildirib ki, koalisyon hökumətin qurulması istiqamətində çalışmalar və görüşlər davam edir: «Bu görüşlərin nəticəsi olaraq güclü bir hökumət qurular, İnşallah. Hökumət qurmaq cəhdləri boşa çıxsa, millətin iradəsinə gediləcək». Ərdoğan CHP və HDP-nin toplantıya qatılmamasına da münasibət bildirib: «Könül istər ki, Başqanlıq Divanının digər üzvləri də burada olsun. Görüşə gəlsəydilər, məmnun olardım».
Qeyd edək ki, Türkiyə mətbuatı və müxalifəti hələ əvvəldən Ərdoğanın əsl niyyətinin təkrar seçkiyə getmək olduğunu bəyan edib. İddialara görə, Ərdoğan koalisyon hökumətlə bağlı partiyalara bilərəkdən qəbulu qeyri-mümkün olan şərtlər irəli sürür. Son olaraq HDP bildirmişdi ki, son günlər Türkiyədə yaşanan gərginlik də Rəcəb Tayyib Ərdoğanın təkrar seçkiyə getmək və təkbaşına iqtidar olmaq planının tərkib hissəsidir: «Ərdoğan bilərəkdən ölkədə qarışıqlıq yaradaraq ölkə vətəndaşlarını təkrar seçkiyə hazırlayır. Məqsədli şəkildə zorakılıq mühiti yaradır. Hədəfindəki də ona əvvəlki gücünü geri qaytaracaq təkrar seçki planıdır. Bilərəkdən koalisiyanın qurulmasını qeyri-mümkün vəziyyətə gətirib ki, xalqı təkrar seçkiyə aparsın».
Partiyanın sədri Səlahəddin Dəmirtaş isə bəyan edib ki, hazırda həyata keçirilən bütün əməliyyatların məqsədi HDP-nin erkən seçkilərdə səslərini azaltmaqdır.
Strateq.az