XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 15:23

Pakistanlı nazir:"Ali təhsil almaq istəyən azərbaycanlıları Pakistanda qəbul etməyə hazırıq"

Flag

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal təhsil və professional təlim üzrə dövlət naziri Məhəmməd Baliğ-ur Rəhmanla görüşüb.

Səfirlikdən  verilən məlumata görə, səfir Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar haqqında nazirə məlumat verərək, qardaş ölkə olan Pakistan vətəndaşlarının Azərbaycanda təhsil almalarına münbit şəraitin və müasir infrastrukturun olduğunu, onların sayının ilbəil artdığını qeyd edib. Ali təhsil sahəsində əlaqələrin inkişafında daha çox imkanların mövcud olduğunu bildirən səfir bu sahədə müqavilə-hüquq bazasının yenilənməsi və artırılması istiqamətində aparılan işlərin yekunlaşmaq üzrə olduğunu əlavə edib. Ə.Əlizadə azərbaycanlı tələbələrin də Pakistanın yüksək təhsil müəssisələrində təhsil almaları üçün əlverişli şərait olduğunu və bu istiqamətdə də işlərin aparıldığını, səfirliyin hər iki ölkənin tələbələrinə köməklik göstərməyə hazır olduğunu qeyd edib.

Nazir M.B.Rəhman Bakıya etdiyi səfərlərini, keçirdiyi səmimi görüşlərini, Azərbaycanda şahidi olduğu sosial-iqtisadi inkişafı vurğulayaraq, Pakistanla Azərbaycanın bir birinə sıx bağlı olan iki qardaş ölkə olduğunu bildirib. Azərbaycanın Təhsil Nazirliyi və digər aidiyyəti qurumları ilə yaxşı əlaqələrinin olduğunu bidirən nazir, Pakistanın son illər müxtəlif sahələrdə əldə etdiyi inkişafından danışıb, ali təhsil almaq istəyən azərbaycanlıların Pakistanda qəbul etməyə hazır olduqlarını qeyd edib. Universitetlərarası əlaqələrin və tələbə mübadiləsi sahəsində işlərin artırılması önəmindən danışan nazir, iki ölkənin aidiyyəti qurumları arasında təhsil sahəsində müqavilə-hüquq bazasının artırılması üçün təqdim olunan və hal-hazırda Pakistan tərəfində yekunlaşdırılmaq üzrə olan layihələrin başa çatdırılmasının əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəyini bildirib.

Görüşdə həmçinin, Azərbaycan və Pakistanın bir-birinə mütəmadi göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkə rəhbərlərinin xüsusi rolu, həmçinin, Azərbaycanın H.Əliyev Fondunun da əməyi qeyd edilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Müzəffərabad şəhərində məktəbin tikilməsi kimi görülən işlərin, Pakistanın müxtəlif bölgələrində, o cümlədən təhsil müəssisələrində də həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb. (Trend)