"Şübhə etmirəm ki, bu il doktoranturaya oğlanların axını çoxalacaq".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, magistratura və doktoranturaya qəbul olanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi bu il doktoranturada təhsil alanların tərkibində dəyişikliklərin olacağına imkan yaradır.
A.Əlizadə qeyd edib ki, son 20 ildə doktoranturaya qəbul olan oğlanların sayı çox az olub, amma yeni dəyişiklik artıq AMEA üçün yeni imkanlar yarada bilər.
Strateq.az xəbər verir ki, iclasda, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ““Elm haqqında” Azərbaycan Respublikasının Qanunu və qarşıda duran vəzifələr” adlı məruzəsi dinlənilib. Akademik bildirib ki, sözügedən qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir və elmi fəaliyyətin geniş imkanlarını nümayiş etdirir. “Elm haqqında” qanunda ilk növbədə, ideoloji bazanın zənginləşdirilib inkişaf etdirilməsinin əsas götürüldüyünü deyən vitse-prezident, elmi fəaliyyətin bütün sahələrində azərbaycançılıq ideologiyasının möhkəm elmi əsaslar üzrə prioritet kimi qəbul edildiyini bildirib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, qanunda elm sahəsindəki innovasiya və sahibkarlıq fəaliyyətinin mahiyyəti aydınlaşdırılaraq əsas istiqamətləri və əhatə dairəsi müəyyən olunub. Bundan başqa, qanunda ilk dəfə olaraq “Tədqiqat universiteti” statusuna malik olan ali təhsil ocaqlarının yaradılması, yeni elmi nəsillərin formalaşdırılması və inkişafı, ən başlıcası isə cəmiyyət quruculuğunun bütün sahələrində elm faktorunun hərəkətverici amillərdən birinə çevrilməsi, elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində müvafiq müddəalar yer alır.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qəbul edilmiş qərarla “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu AMEA-nın elmi-təşkilati fəaliyyəti üçün əsas kimi qəbul edilib. Bundan başqa “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2016-cı il tarixli Fərmanının icrası istiqamətində müvafiq təkliflərin hazırlanmasına dair tapşırıq verilib. Qərarda həmçinin AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını öz fəaliyyətlərində rəhbər tutmalarına, eləcə də AMEA-nın müvafiq qurumlarında innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində aparılan işləri daha da genişləndirməyə dair göstərişlər öz əksini tapır.